Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğamşünaslıqla bağlı elmi seminarlara start verilib. “Muğamşünaslığın aktual problemləri” adlı ilk seminarı universitetin rektoru, professor Fərəh Əliyeva açaraq tədbirin əhəmiyyətindən danışıb. Rektor bu il Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək IV Beynəlxalq Muğam Simpoziumuna qədər universitetdə belə seminarların keçirilməsini təqdirəlayiq hesab etdiyini vurğulayıb.
Sonra ADMİU-nun Musiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kamilə Dadaşzadə “Azərbaycan ənənəvi musiqisində “Şah Xətai” termininin tətbiqinə dair”, sənətşünaslıq üzrə elmlər doktoru, dosent İradə Köçərli “Aşıq musiqisinin səs sistemi Ü.Hacıbəylinin məqam nəzəriyyəsi kontekstində” mövzusunda çıxış edib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadovanın “Muğamşünaslığın konseptual əsasları”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aydın Talıbzadənin “Muğamın sillabik qəliblərinə dair bəzi mülahizələr”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılovanın “Azərbaycan bəstəkarlarının yaradıcılığında milli semantikanın təcəssümü” adlı məruzələri də dinlənilib. AMEA-nın nümayəndələri, universitetin professor-müəllimlərinin, magistr və doktorantlarının iştirak etdiyi seminar maraqlı fikir mübadiləsi, diskussiya şəklində keçib.