Aprelin 27-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında uşaq musiqisi və onun estetik tərbiyəsinə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Tədbir 3 nömrəli 11 illik uşaq musiqi məktəbinin “Renessans” xorunun ifası ilə başladı. Xorun ifasında Üzeyir Hacıbəylinin Səməd Vurğunun sözlərinə bəstələdiyi “Zəfər” mahnısı və Faiq Sücəddinovun Baba Vəziroğlunun sözlərinə yazdığı “Heydərlə Azərbaycanım” mahnısı səsləndirildi.
Tədbiri Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zemfira Qafarova açaraq bildirdi ki, uşaq musiqisi uşaqlarda yüksək bədii-estetik zövqün formalaşmasında, zəngin ideya-mənəvi düşüncə tərzinin yaranmasında əsas amillərdəndir. Əsası dahi bəstəkarlar Üzeyir Hacıbəyli və Qara Qarayev tərəfindən qoyulan uşaq musiqisi sonralar Azərbaycan bəstəkarlarının müraciət etdiyi ən geniş mövzulardan olub.
Əməkdar incəsənət xadimi, professor İmruzə Əfəndiyeva “Uşaq musiqisinin aktual problemləri” mövzusunda məruzə ilə çıxış etdi, uşaq musiqisinin ifaçılıq problemlərindən söz açdı: “Bəstəkarlarımızın gözəl musiqiləri var. Yaxşı olardı ki, imkan daxilində ümumtəhsil məktəblərində, kolleclərdə xor studiyaları yaradılsın. Buraya tanınmış mütəxəssislər cəlb edilsin və səviyyə yüksəlsin. “Renessans” xoru artıq 14 ildir fəaliyyət göstərir. İstərdik ki, belə kollektivlərin sayı çox olsun”.
Qeyd olundu ki, bu sahənin inkişafı məqsədilə Azərbaycan Yazıçılar Birliyi ilə əlaqələr genişləndiriləcək. Ümumiyyətlə, aktual, mənalı uşaq musiqi əsərlərinin yaranması üçün bir çox tədbirlərin keçirilməsi vacibdir. Dahi Ü.Hacıbəylinin yolunu ləyaqətlə davam etdirən Qara Qarayev, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov kimi bəstəkarlarımızın yaradıcılığında kifayət qədər populyarlıq qazanmış uşaq musiqi əsərləri var. Uşaq mahnılarının inkişafında Elnarə Dadaşova, Faiq Nağıyev, Cahangir Zülfüqarov, Cəlal Abbasov, Adilə Yusifova və başqa bəstəkarların xidmətləri böyükdür.
Konfransda Bakıdakı 32 və 385 nömrəli musiqi məktəblərində “Musiqisevərlər” dərnəyinin rəhbəri Kəmalə Cabbarovanın “Ümumtəhsil məktəblərində musiqi dərslərinin keçirilməsi” mövzusunda məruzəsi dinlənildi.
Çıxışlarda uşaq musiqi əsərlərinin yaranmasına və təbliğinə xüsusi diqqət ayıran Bəstəkarlar İttifaqının bu istiqamətdə gördüyü işlər yüksək qiymətləndirildi.
Elmi-praktik konfrans aprelin 28-də öz işini davam etdirib. Tədbir çərçivəsində məktəblilərin ifasında musiqilər təqdim olunub. Bütün ifalar alqışlarla qarşılanıb.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar