Xəbər verdiyimiz kimi, aprelin 27-dən 30-dək Qazaxıstanın paytaxtı Astanada II Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş “Qələbə yolları” adlı beynəlxalq gənclər festivalı keçirilib. Festivalda ölkəmizi Azərbaycan Dövlət Xor Kapellasının gənc solistləri, beynəlxalq və respublika müsabiqələri laureatları Leyla İbrahimova və Ərəstun Quliyev təmsil ediblər.

Səfərdən qayıtdıqdan sonra redaksiyamızın qonağı olan gənc vokalçılar təəssüratlarını bizimlə bölüşdülər.
Qeyd edək ki, Leyla İbrahimova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xor dirijorluğu fakültəsinin II kurs tələbəsidir. Ötən il gənc vokalçı Litvanın Kaunas şəhərində vokalçıların beynəlxalq müsabiqəsində birincilik əldə edib. Noyabrda isə Gürcüstanda keçirilən “Tetri Tolia” beynəlxalq müsabiqəsinin laureatı adına layiq görülüb.
Ərəstun Quliyev də Dövlət Xor Kapellasında çalışır. Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində Xalq artisti Fidan Qasımovanın sinfində təhsil alıb. Bir çox respublika və beynəlxalq müsabiqələrdə uğurla çıxış edib. “İstedadlar axtarırıq”, “Qönçə” və digər yerli müsabiqələrlə yanaşı, 2004-cü ildə Moskva Dövlət Konservatoriyasının “Yeni adlar” müsabiqəsində I yerə layiq görülüb. 2010-cu ildə isə Moskvada Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi münasibətilə təşkil edilən beynəlxalq müsabiqənin qalibi olub. Solo konsertlərlə çıxış edən gənc vokalçı 2005-ci ildə ümummilli lider Heydər Əliyevə həsr edilmiş ingilis dilində “Dünyada sülh bərqərar olsun” oratoriyasında solist kimi çıxışını özünün ən böyük uğurlarından biri hesab edir.
Astanada keçirilən festivaldan söz açan həmsöhbətlərim bildirdilər ki, tədbirdə 10-dək ölkə təmsil olunub. Ümumilikdə 300-ə yaxın ifaçı iştirak üçün müraciət edib və müsabiqə əsasında seçimlər keçirilib. Müsabiqədən keçmələri onlar üçün xoş sürpriz olub. Festivala mövzuya uyğun vətənpərvərlik ruhunda mahnılar hazırlayan vokalçılarımız məşhur “Poklonimsya tem qodam” (sözləri - M.Lvov, musiqi - A.Paxmutova) və “Na bezımyanney vısote” (M.Matusovski, V.Basner) mahnılarını ifa ediblər.
Həmsöhbətlərim bildirirlər ki, festivalın rejissoru bu mahnılara səhnədə xüsusi mizanlar qurub və bu, ifaların uğurlu təqdim olunmasına kömək edib. Tamaşaçılar gənclərimizin çıxışını alqışlarla qarşılayıblar. Ümumilikdə bütün iştirakçıların ifalarında tarixin ən böyük və qanlı müharibəsinin qəhrəmanlarına, savaşın od-alovundan çıxmış veteranlara dərin sayğı və ehtiram hiss olunurdu. “Hər birimizin evində, ailəsində bu müharibənin xatirələri yaşayır. Şəxsən mənim nənəm müharibə veteranı olduğu üçün festivalda böyük məsuliyyətlə və minnətdarlıq hissi ilə çıxış edirdim”, - deyə Leyla bildirir. - Konsertdə çoxlu sayda veteranlar iştirak edirdi. Onların göz yaşlarını, mahnıların ifası zamanı keçirdikləri hisslərin şahidi olmaq bizə də sirayət edirdi”.
Festival günlərində iştirakçı gənclər öz respublikalarında Qələbənin 70 illiyinin necə keçirilməsi barədə fikirlərini bölüşüblər. Tədbir çərçivəsində qonaqlar üçün qazax mədəniyyəti, abidə və muzeylərlə tanışlıq ekskursiyaları da təşkil edilib.
Ən önəmli hadisə isə festivalın məhz Leylanın ifası ilə bağlanması olub. Hər iki gənc vətənə festivalın xüsusi diplomları ilə qayıdıb.
Gənclər tədbirdə iştiraklarına göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, Xalq artisti Gülbacı İmanova və pedaqoqları Dmitri Babayevə dərin təşəkkürlərini bildirdilər.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar