VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalı tanınmış kollektiv və solistləri bir araya gətirib

Azərbaycan paytaxtı yenə dünyanın nüfuzlu musiqi bayramlarından birinə ev sahibliyi edir. Bakıda VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirilir.

Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondu tərəfindən təşkil edilən festivalın açılış mərasimi mayın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşdi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festival iştirakçılarını salamladı, bu tədbirin böyük sənət hadisəsi olduğunu dedi: “Bakıda səkkizinci dəfə Mstislav Rostropoviç festivalı açılır. Biz böyük maestro ilə həmişə qürur duyuruq. Onun şəxsiyyəti, sənətkarlığı və istedadı haqqında söz demək böyük qürurdur. O, Azərbaycan üçün çox işlər görüb, musiqimizi təbliğ edib, müxtəlif layihələr həyata keçirib. Təsadüfi deyil ki, sənətkarla xalqımızın ümummilli lideri Heydər Əliyev gözəl dost olublar. Onun sənətkarlığı, yüksək insani keyfiyyətləri və təəssübkeşliyi daim xalqımız tərəfindən yüksək qiymətləndirilib. Bu böyük insanın adı ilə bağlı musiqi bayramına ev sahibliyi etmək hər birimiz üçün qürurvericidir. Onun xatirəsi daim qəlbimizdə yaşayacaq. İllər keçsə də, sənəti, bənzərsiz musiqi irsi yetişən musiqiçi nəsillərinin ifasında özünün yeni, təravətli ömrünü yaşayacaq”.
Mstislav Rostropoviç Fondunun prezidenti, festivalın bədii rəhbəri Olqa Rostropoviç atası haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirdi və tədbirin yüksək səviyyədə təşkilinə görə hər kəsə təşəkkür etdi: “Mən hər dəfə gözəl Bakıya gələndə sevinirəm. Atam Bakını öz Vətəni adlandırırdı və onun haqqında xatirələrini böyük şövqlə dilə gətirirdi. Bu da təsadüfi deyil. Çünki bu sevgi qarşılıqlı olub və atamın sənəti siz gözəl insanlar tərəfindən daim yüksək qiymətləndirilib. Bunun bariz nümunəsi kimi elə bu ənənəvi festivalı qeyd etmək kifayətdir. Bilirsiniz ki, müxtəlif ölkələrdə Rostropoviç festivalları keçirilir. Lakin ən birinci festival burada, onun Vətənində keçirilib. Bu layihəyə dəstək göstərdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya həmişə minnətdar olacağam”.
Olqa Rostropoviç festivalı açıq elan etdi. Festival Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayev), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və Uşaq Xor Kapellasının (bədii rəhbər Əməkdar incəsənət xadimi Dilarə Əliyeva) ifasında alman bəstəkarı Karl Orfun “Karmina Burana” kantatası ilə açıldı. Solistlər Nigar Cəbiyeva (soprano), Əliəhməd İbrahimov (tenor) və Anton Ferştandtın (bariton) ifası sürəkli alqışlarla qarşılandı.
Ənənəvi olaraq budəfəki festivalın da proqramı zəngindir. Tədbir tanınmış kollektiv və solistləri bir araya gətirib.
Mayın 19-da Dövlət Filarmoniyasında təqdim olunan “Caz və daha nələr” adlı konsert proqramında saksofonçu, Rusiyanın Xalq artisti İqor Butman və onun kvarteti, Arseni Çubaçin, ARS kamera orkestri çıxış ediblər.
Festival çərçivəsində mayın 20-də Kamera və Orqan Musiqi Zalında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Teymur Göyçayev) konserti keçiriləcək.
Mayın 21-də Akademik Opera və Balet Teatrında Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi tərəfindən Rudjero Leonkovallonun “Payatsı” operası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru İvan Popovski, quruluşçu dirijoru Canluka Marçiano, dirijoru Aleksandr Solovyovdur.
Filarmoniyada mayın 22-də təqdim olunacaq “Rusiyanın parlayan ulduzları” adlı konsert proqramına isə beynəlxalq müsabiqə laureatları Robert Brem (skripka), Mixail Qayduk (truba), Timur Kolodyajnı (violonçel), Mixail Çumakovun (skripka), habelə Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi kollektivinin çıxışları daxildir.
Mayın 23-də musiqisevərlər Heydər Əliyev Sarayında Luici Kerubini orkestrinin (İtaliya) ifasını dinləyəcəklər. Orkestrin bədii rəhbəri və baş dirijoru Rikardo Mutidir. Festivala bu orkestrin çıxışı ilə mayın 24-də Heydər Əliyev Sarayında yekun vurulacaq.

Həmidə Nizamiqızı






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar