Gənc violin ifaçısı İspaniyada birinci olub
2-9 may tarixində İspaniyanın Barselona şəhərində “Dəniz, günəş, festival” adlı beynəlxalq festival-müsabiqə keçirilib. Tədbirdə ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının VI sinif şagirdi Emil Hüseynov uğurla təmsil edib.
Violin nominasiyası üzrə 10-12 yaş qrupunda çıxış edən Emil festival-müsabiqənin birincisi olmaqla yanaşı, 2016-cı ildə Berlində keçiriləcək beynəlxalq müsabiqəyə də dəvət alıb.
Emil festivalda Georg Hendelin 2 №-li sonatası (g-moll), Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən Məhmənə Banu və vəzir səhnəsini ifa edib. Müsabiqənin münsiflər heyəti Emilin proqramının öz yaş qrupu üçün çox çətin olduğunu bildiriblər.
Gənc musiqiçi qazandığı uğura görə oxuduğu təhsil ocağının rəhbərliyinə, ixtisas müəllimi Nilüfər Salamzadəyə təşəkkürünü bildirib.
Qeyd edək ki, Emil Hüseynov 2013-cü ildə Bolqarıstanın Albena şəhərində keçirilən “Orfeyin varisləri” beynəlxalq müsabiqəsində birinci yerə, həmin il Qara Qarayevin 95 illiyinə həsr olunmuş gənc musiqiçilərin II respublika elmi-ifaçılıq müsabiqəsində laureat, bu il isə “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I respublika festivalında laureat adına layiq görülüb. Ona sənət yollarında uca zirvələr fəth etməyi arzulayırıq.
Aytən İbrahimova,
sənətşünaslıq üzrə fəlsəfə doktoru