Mayın 29-da paytaxtdakı G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbində tədris ocağının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri tədris işləri üzrə direktor müavini, musiqişünas Vəfa Həziyeva açaraq məktəbin tarixi, görkəmli pianoçu, pedaqoq Georgi Şaroyevin (1890-1969) tədris ocağının təşkil olunmasında rolu barədə danışdı. Bildirdi ki, Üzeyir Hacıbəylinin 1918-ci ildə Bakıya dəvət etdiyi G.Şaroyev Azərbaycan pianoçuluq məktəbinin təşəkkülü və inkişafında böyük xidmətlər göstərib, respublikanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Onun təşəbbüsü və rəhbərliyi ilə 1934-35-ci dərs ilində Bakı Zabitlər Evinin nəzdində fəaliyyət göstərən musiqi dərnəklərinin bazasında uşaq musiqi məktəbi təşkil olunub. O, məşhur musiqiçiləri və pedaqoqları ətrafına toplayaraq gözəl bir kollektiv yaradıb, istedadlı şagirdlər yetişdirib. 1961-ci ildən məktəb onbirillik təhsil üzrə fəaliyyətini davam etdirib. 1969-cu ildən, G.Şaroyev vəfat etdikdən sonra məktəb onun adını daşıyır. 1987-ci ildən məktəb Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Hazırda məktəbdə 25 ixtisas üzrə 400-dək şagird təhsil alır, 109 müəllim çalışır. Məktəbin yetirmələrindən Fəridə Rzayeva, Nəriman Əmiraslanov, Mircavid Cəfərov, Atabala Manafzadə və Mirpaşa Şükürov Prezident təqaüdçüsüdür. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunan dövlət proqramına əsasən məktəbin binası 2012-ci ildə əsaslı təmir olunub.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sektor müdiri Bəturə Məmmədəliyeva çıxışında Georgi Şaroyevin pedaqoji fəaliyyətindən söz açdı. Bildirdi ki, o, uşaqların zövqünü, istedadını qiymətləndirməyi və onlarda sənətə maraq yaratmağı böyük ustalıqla bacarırdı, onların dünyagörüşünün inkişafına diqqət yetirirdi, dərsdə ədəbiyyat, təsviri sənət barədə də söhbətlər aparırdı: “Məktəbdə görkəmli sənətkarın ənənələrinin böyük ruh yüksəkliyi ilə yaşadıldığının şahidi oldum. Əminəm ki, məktəb nümunəvi bir musiqi təhsil ocağı kimi bu ənənələri gələcək nəsillərə də çatdıracaq”.
O daha sonra kollektivi 80 illik yubiley münasibətilə təbrik edərək tədris ocağının gənc nəslin bədii-estetik tərbiyəsi, istedadlı uşaqların üzə çıxarılması və inkişaf etdirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fərmanı ilə təltif olunduğunu diqqətə çatdırdı. Fəxri fərman məktəbin direktoru Yusif Vəliyevə təqdim olundu. Həmçinin direktor Yusif Vəliyev, tədris işləri üzrə direktor müavini Vəfa Həziyeva, şöbə müdiri Rəşidə Məmmədzadə, müəllimlərdən Kamilə Əmirova, Siala Sinamdzqvarişvili, İrina Qrinik, Zəhra Quliyeva və Qüdrət Məmmədova Mədəniyyət və Turizm Nazirliyi adından təşəkkür edildiyi və mükafatlandırıldıqları bildirildi.
Bakı Musiqi Akademiyasının professoru, G.Şaroyevin tələbəsi olmuş Nizami Dadaşlı müəllimi ilə bağlı xatirələrini danışdı.
Çıxışlardan sonra məktəb şagirdlərinin ifasında rəngarəng konsert proqramı təqdim edildi. Sonda məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

S.Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar