Milli musiqi alətimiz olan tara sevgi ruhunda böyüyən və mehrini saldığı bu alətin bütün incəliklərini, sirlərini mənimsəməyə çalışan istedadlı yeniyetmələrimizdən biri də Fəxri Axundovdur. Özünəməxsus üslubu, ifa manerası olan Fəxri istedad və bacarığını mayın 30-da Kapellhausda keçirilən musiqi axşamında bir daha hər kəsə nümayiş etdirdi.
İlıq yay axşamı bu munis ab-havalı salona toplaşanlar balaca istedad və onun simasında böyük musiqiyə və zəngin tar sənətinə sevgi və ehtiramlarını bildirməyə gəlmişdilər. Əllərdə gül-çiçək dəstələri ilə salona yığışanlar ora-bura boylanaraq balaca istedadı axtarır, o isə öz növbəsinə həyəcandan tərləyən əllərini bir-birinə sürtərək gizlicə salona, tamaşaçılara göz gəzdirirdi.
Onun həyəcanını nisbətən azaltmaq və bir qədər yaxından tanışlıq üçün qısa da olsa söhbətləşmək imkanımız oldu. Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbinin tar ixtisası üzrə 5-ci sinif şagirdi Fəxri Axundov bu alətə sevgisindən başladı söhbətə. Deyir, uşaqlıqdan tarın səsi məni öz aləminə aparıb, barmaqlarım mizraba toxunanda özümü dünyanın ən xoşbəxt adamı sayıram.
Ən doğma sirdaşının da tar olduğunu deyən Fəxri ona ifaçılıq sənətinin sirlərini öyrədən sevimli müəllimi Emin Eminlini də unutmadı, ona təşəkkürünü bundan sonra da yaxşı ifaları ilə çatdıracağını dedi. Milli və klassik musiqilərin vurğunu olan Fəxriyə tarda daha çox hansı mahnı və ya musiqi əsərini ifa etməyi xoşladığını soruşanda duruxdu və uşaq səmimiyyəti ilə “Tarda ifa olunan bütün musiqilər gözəldir, çünki onu bənzərsiz edən tar var”, - dedi.
İkinci dəfə musiqisevərləri ətrafına toplayan Fəxri daha çox milli musiqilərin ifasından zövq aldığını, bu musiqilərdə rahatlıq, doğmalıq tapdığını deyir. Bu konsertində də milli nümunələrə üstünlük verdiyini diqqətə çatdıran Fəxrini dinləmək üçün tamaşaçılar arasında yerimi aldım.
Konsertin proqramına daxil edilən əsrarəngiz əsərləri - Üzeyir Hacıbəylinin polifoniya təntənəsi olan “Fantaziya”sını, Niyazinin möcüzələr vəd edən “Arzu”sunu dinləyib alqışladıq. Dünya musiqi nümunələrindən seçmələr - Revaz Laqidzenin “Tbilisi haqqında mahnı”sı, Astor Piazzollanın “Libertanqo”su da Fəxri və müşayiətçilərinin maraqlı və peşəkar ifası ilə yadda qaldı. Tofiq Quliyevin “Sevinc nəgməsi” və “Vals”ı Fəxrinin istedadının bariz nümunəsi kimi qulaqlarda cingildədi. Səid Rüstəmovun “Oxu tar”ını ifa edərkən o sanki sinəsindəki alətə qol-qanad verib havalara qaldırmaq, onun böyüklüyünü, əzəmətini, bənzərsizliyini bəstəkarın əsrarəngiz notları ilə dilləndirmək istəyirdi.
Belə bir gecəni muğamsız təsəvvür etməyənlər üçün əsl hədiyyə hazırlanmışdı. “Bayatı-Şiraz” rəngi, “Şur” muğamı, “Çahargah” kompozisiyası balaca istedadın konsertin finalındakı ərməğanı kimi hər kəsi heyrətə sala bildi. Müəllimi Emin Eminli ilə bir səhnədə ifa, Nəzrin Cəlilova (fortepiano), Vaqif Hacıyev (kamança), Nigar Qurbanova (qanun) və Nurlan Abbasovun (nağara) gözəl müşayiəti hər kəsə musiqi zövqü yaşada bildi.
Sonda həyəcan və zəhmət yerini onun şirin bəhrəsinə - gurultulu alqışlara və gül dəstələrinin doğurduğu sevincə verdi. Təbii o, danışmasa da, gözlərindəki sevinc parıltıları bir uşağın rəngli dünyasını görüb göstərməyə kifayət etdi...

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar