Mayın 29-da Azərbaycan Dövlət Mahnı Teatrında İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin Respublika Günü və “Bakı-2015” I Avropa Oyunlarına həsr edilmiş hesabat konserti keçirildi.

Mərkəzin bədii rəhbəri Mirəhməd Əsgərov tədbiri açaraq, iştirakçıları və qonaqları salamladı. Mərkəzin direktoru Aida Muradova tədbirin Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixlə yanaşı, Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində təşkil edildiyini diqqətə çatdırdı.
S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur, Xalq artisti, rəqqasə Roza Cəlillova, filologiya elmləri doktoru, şair Musa Ələkbərli və digər çıxış edənlər İ.Əbilov adına Mədəniyyət Mərkəzinin fəaliyyətindən bəhs etdilər, əldə olunan uğurlarda bədii rəhbəri Mirəhməd Əsgərovun mühüm xidmətləri olduğunu vurğuladılar.
Sonra mədəniyyət ocağının istedadlı şagirdləri maraqlı konsert proqramı ilə çıxış etdilər. “Vurgun” poeziya teatrının üzvləri Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini böyük məharətlə söylədilər. Kamran Musayevin rəhbərlik etdiyi “Könül” rəqs qrupu “Neftçilər” rəqsini ifa etdi. 5-ci “Muğam televiziya müsabiqəsi”nin finalçısı Ülkər Orucovanın ifasında musiqisi Xalq artisti Zamiq Əliyevə məxsus olan “Azərbaycan” mahnısı da tədbir iştirakçılarına xoş ovqat bəxş etdi.
Tamaşaçılar Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Elizbar Osmanovun rəhbərlik etdiyi “Könül sevincləri” qrupunun üzvlərinin ifasında “Qazaxı” rəqsini də coşqu ilə qarşıladılar. Gənc istedadlardan Elton Səfərov Xalq artisti Əlibaba Məmmədovun “Mənim Azərbaycanım”, Aynur Ocaqverdiyeva şair Novruz Gəncəlinin sözlərinə bəstələnən “Ananın səsi”, Ülviyyə Rüstəmova bəstəkar Ələkbər Tağıyevin “Göygöl”, Eldəniz Nəbiyev Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələnən “Nar ağacı, nar çiçəyi”, Sevinc Rəhimova bəstəkar Zakir Bağırovun “İki könül görüşəndə”, Pərviz Bəylərov bəstəkar Ələkbər Tağıyevin “Azərbaycan oğluyam”, Ruhanə Aslanlı bəstəkar Rauf Məmmədovun “Yaşa, mənim xalqım” mahnılarını yüksək ustalıqla ifa etdilər.
Həmin gün səhnəyə ilk dəfə kövrək addımlarını atan balaca fidanların üzündə sevinc və həyəcan hisslərini aydın görmək olardı.
Konsertdə İ.Əbilov adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Ələsgər Ələkbərov adına xalq teatrının üzvləri yazıçı S.S.Axundovun “Bir eşqin nəticəsi” komediyasından parçanı göstərdilər. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin hazırladığı tamaşanı xalq teatrının üzvlərindən Pərvin Dadaşova, Fuad Mədətov, Zəminə Abişova peşəkar aktyor məharəti ilə tamaşaçılara təqdim etdilər. Tədbirdə “Şəlalə” xalq çalğı alətlərinin ifasında səslənən mahnılarla yanaşı, uşaqların milli və rəngarəng geyimdə hazırladıqları “Şələküm”, “Ağ çiçəyim”, “Çobanlar” rəqsləri də iştirakçılara xoş anlar yaşatdı.
Ədəbi-bədii kompozisiyada şair Novruz Gəncəlinin oğlu Xəzər Gəncəli atasının müəllifi olduğu “Azərbaycan” şeirini qəlb çırpıntısı ilə dilə gətirdi. Şair Musa Ələkbərlinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi “Mübarizlik” poemasından bir parçanı isə “Vurğun” teatrının üzvü, beynəlxalq müsabiqələr laureatı Türkan Məmmədli söylədi.
Proqramda Mirməmməd Mircavadovun oxuduğu muğam çələngi, Vüqar Hacıyevin ifasında “Sevgili canan” romansı və Mirəhməd Əsgərovun ifasında “Qəşəngdir” mahnısı da alqışlarla qarşılandı.
Hesabat konsertinin sonunda mərkəzin rəhbərliyi adından istedadlı şagirdlərə fəxri fərmanlar və diplomlar təqdim edildi.

Təranə Cəbiyeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar