Xəbər verdiyimiz kimi, TÜRKSOY təşkilatının təşəbbüsü ilə bu ay Ankarada türkdilli ölkələrin Gənclik Kamera Xorunun yaradılması planlaşdırılıb. Kollektivdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Başqırdıstandan ifaçılar yer alacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın gənc ifaçıları da kollektivin məşqlərində iştirak edəcək. Heyətə Bakı Musiqi Akademiyasının tələbələri Dilarə Mahmudova, Fatimə Cəfərzadə, Aysel Qəmbərli, Taleh Yəhyayev, Mahir Tağızadə, Azərbaycan Milli Konservatoriyasının tələbələri Emin Zeynallı, Əlisafa Abbasov və M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi Kamilla Heydərova daxildir.
Ölkəmizin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlıdan aldığımız məlumata görə, Gənclik Kamera Xorunun məşqləri iyunun 14-dən 30-dək davam edəcək. İyulun 1-dən 4-dək kollektivin albomunun yazılması, 5-12 iyul tarixində Almaniyanın Maqdeburq şəhərində 2-ci Avropa Xor Festivalına qatılması gözlənilir. 13-16 iyul tarixində Gənclik Kamera Xoru “Milan EXPO-2015” dünya sərgisi çərçivəsində keçiriləcək festivalda iştirak edəcək.
Qeyd edək ki, türkdilli ölkələrin Gənclik Kamera Xorunun yaradılması ilə bağlı razılıq 2014-cü ilin noyabrında TÜRKSOY Nazirlər Şurasının Tatarıstanın Kazan şəhərində keçirilən görüşündə əldə edilib. Xorun rəhbərləri Azərbaycandan Elnarə Kərimova və Qazaxıstandan Gülmira Badamova təyin edilib. Kollektivin yaradılmasında məqsəd türkdilli ölkələrin xor əsərlərinin dünyaya tanıdaraq təqdim edilməsidir.
Lalə Azəri