“Kolleksiyamda 80-dən çox alət var. Onların demək olar ki, hamısını dilləndirməyi bacarıram”

Musiqi alətşünaslığı sahəsində mühüm xidmətləri olan mütəxəssislərdən biri Azərbaycan Milli Konservatoriyasının laboratoriya rəhbəri, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadədir. O, adıçəkilən sahədə sanballı araşdırmaların, əsərlərin müəllifidir.
Mütəxəssis bildirir ki, Azərbaycan çalğı alətləri bir neçə qrupa bölünür: özüsəslənən (özənsəsli), nəfəsli, simli, zərb alətləri. O, Azərbaycan musiqi alətşünaslığında bu günə qədər geniş şəkildə araşdırılmayan bir sıra idiofonlu (yunanca “özünəməxsus səsli”) alətləri (əlvah, laqquti dəsti, çınqıraq dəsti, zəngi-şütür, musiqili ritm daşları, müsəlləs, barmaq zili, cəlacil, kiçik qaşığek, kuzə dəsti, nəlbəki dəsti, sini) dərindən öyrənib. Apardığı tədqiqatlar nəticəsində Azərbaycanda 35 idiofonlu alət aşkarlayıb.
Vurulanlar (19 alət): bu alətlər ona çubuqlarla zərbə vurulmaqla və ya alətin tərkib hissələrinin bir-birinə qarşılıqlı vurulması yolu ilə səslənir;
Silkələnənlər (11): səslənmə metal asmaların (zınqırovlar, qumrovlar, şaxşaxlar) alətin gövdəsinə vurulması nəticəsində əmələ gəlir;
Dartılanlar (1): səslənmə hissənin dartılma yolu ilə titrəmə vəziyyətinə gətirilir;
Qarışıq alətlər (4): səslənmə həm vurulmaq, həm də silkələnməklə alınır, yəni eyni aləti ifaçının istəyindən asılı olaraq hər iki üsulla ifa etmək mümkündür.
Mütəxəssis musiqi folklorumuzun, xalq çalğı alətlərimizin qədim tarixi olduğunu bildirir: “Azərbaycanın musiqi mədəniyyəti çox zəngin və qədimdir. Güney Azərbaycanın Cığamış şəhərində tapılmış saxsı qabın üzərində təsvir olunan nağara və qoşanağaradan yurdumuzda ən azı 8 min il bundan öncə istifadə edilib. Türkcəmizdə bu alətin adı uyğun olaraq “dumbul” və “qoşadumbul”dur. Ən qədim alətlərimizdən biri də zurnadır. Onun öncəki adı çığırtmadır. Qobustan mədəniyyətinə aid olan qavaldaşın tarixi lap qədimdir”.
Abbasqulu Nəcəfzadə həm də virtuoz sənətkardır, bir çox musiqi alətlərində ustalıqla ifa etməyi bacarır: “Evimdə zəngin musiqi alətləri kolleksiyası var. Onların sayı 80-dən yuxarıdır. Demək olar ki, hamısını dilləndirməyi bacarıram. Burada başlıca prinsip simli, nəfəsli, eləcə də zərb alətlərindən birini peşəkar bilməkdir. Birini bilmək o birilərini öyrənməyə və çalmağa imkan verir”.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar