Son illər Azərbaycan Bəstəkarlar İttifaqının xətti ilə keçirilən tədbirlər, milli musiqimizin inkişafına xidmət edən layihələrin sayı artmaqdadır. Belə tədbirlərin keçirilməsi ittifaqın sədri, Xalq artisti, professor, UNESCO-nun “Dünya artisti” titullu Firəngiz Əlizadənin böyük əməyinə əsaslanır. Bugünlərdə ilk nəşrlərinin təqdimatı keçirilən “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi də bu qəbildəndir. Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqının tarixində ilk dəfə olaraq belə bir layihə - Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə küll halında bəstəkar və musiqişünaslar haqqında kitabçalar çap olunmuşdur.
Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə nəşrlərin əhəmiyyətindən söz açdı. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinə 40-a yaxın müəllifin əsəri təqdim olunmuşdur. İlk mərhələdə 18 broşür çap olunmuşdur. Növbəti nəşrlər yaxın zamanlarda işıq üzü görəcək.
Firəngiz xanım təkcə klassiklər deyil, bu gün yazıb-yaradan musiqişünaslar haqqında da kitabların yazılmasının nə qədər vacib olduğunu vurğulayaraq qeyd etdi ki, Azərbaycan musiqişünasları musiqi incəsənətinin layiqli, yorulmaz tədqiqatçılarıdır. Musiqi təkcə bəstəkarlarla yaşamır, musiqini təhlil edən, onu dərindən öyrənən, bizi dinləyiciyə təqdim edən məhz musiqişünaslardır.
Qeyd edək ki, “Şərq-Qərb” nəşriyyatında işıq üzü görən 18 broşürdən 13-ü bəstəkarlara həsr olunub: görkəmli bəstəkarımız Emin Sabitoğlu (müəllif tanınmış musiqişünas İmruz Əfəndiyeva), Azər Rzayev (müəllif Leyla Quliyeva), Sevda İbrahimova (Cəmilə Həsənova), Firəngiz Əlizadə (Həcər Babayeva), Oqtay Rəcəbov (Rauf İmanov), Faiq Nağıyev (Sevda Hüseynova), Rauf Əliyev (Zemfira Qafarova), Mobil Babayev (Güllü İsmayılova), Fərhəng Hüseynov (Şeyla Heydərova), Tahir Əkbər (Lətifəxanım Əliyeva), Cəlal Abbasov (Natalya Dadaşova), Nərgiz Şəfiyeva (Fəttah Xalıqzadə), Azad Zahid (Səadət Təhmirazqızı). Müəlliflə bəstəkarların yaradıcılıq yoluna qısa da olsa nəzər salmış, onları geniş oxucu kütləsinə təqdim etmişlər.
Eyni zamanda 5 tanınmış musiqişünas - Zemfira Səfərova (müəllif Zümrüd Dadaşzadə), İmruz Əfəndiyeva (Ceyran Mahmudova), Səadət Abdullayeva (Seyran Qafarov), Zemfira Qafarova (Lalə Hüseynova) və Gülnaz Abdullazadə (Nailə Rəhimbəyli) haqqında broşürlər tədbir iştirakçılarına təqdim olundu.
O da vurğulandı ki, yaxın zamanlarda daha 17 bəstəkar və musiqişünasın - Əşrəf Abbasov, Şəfiqə Axundova, Dadaş Dadaşov, Ruhəngiz Qasımova, Faiq Şücəddinov, Elza İbrahimova, Ədviyyə Rəhmətova, Rəna Məmmədova, İsmayıl Hacıbəyov, Kamal Əhmədov, Nazim Quliyev, Elnarə Dadaşova, Sərdar Fərəcov, Cəmil Əmirov, Salman Qəmbərov, Yaşar Xəlilov, Adilə Yusifova haqqında nəşrlər işıq üzü görəcək.
Layihənin koordinatoru, Əməkdar incəsənət xadimi, professor, ABİ-nin katibi Zemfira Qafarova və nəşrin elmi redaktoru, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva, Əməkdar müəllim, professor Oqtay Rəcəbov və digər çıxış edənlər layihənin bəstəkar və musiqişünaslara yeni töhfə olduğunu vurğuladılar. Vurğulandı ki, nəşrlər tədris üçün də böyük əhəmiyyətə malikdir. Biz də bu deyilənlərə qoşulub bəstəkar və musiqişünasları təbrik edir, yeni broşürlərin tezliklə nəşr olunmasını arzulayırıq.

Jalə Qulamova,
Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar