Xəbər verdiyimiz kimi, iyun ayında TÜRKSOY-un təşəbbüsü ilə Ankarada türkdilli ölkələrin təmsilçilərindən ibarət Gənclər Xoru yaradılıb. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tatarıstan təmsilçilərinin də yer aldığı kollektiv qatıldığı ilk beynəlxalq tədbirdə - 2-ci Avropa Xor Oyunlarında 3 qızıl medal qazanıb.
İyulun 5-dən 12-dək Almaniyanın Maqdeburq şəhərində keçirilən sənət yarışmasında dünyanın müxtəlif ölkələrindən xor kollektivləri iştirak ediblər. Müsabiqəyə Türkiyə adına qatılan TÜRKSOY Gənclər Xorunun səsləndirdiyi folklor melodiyaları dinləyicilərin xüsusi rəğbətini qazanıb.
Mükafatlandırma mərasimində çıxış edən Saksoniya-Anhalt əyalətinin təhsil və mədəniyyət naziri Stefan Dorgerloh tanınmış alman şairi Johann Gottfried Seumenin “Qəlblərdəki fəzilət musiqi ilə boy atır, Nəşə var nəğmə söylənilən hər yerdə” misralarını sitat gətirərək müsabiqə iştirakçılarının mədəniyyətlərarası dialoqa töhfə verdiklərini vurğulayıb.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Türkiyəni və türk dünyasını təmsil edən xor kollektivinin üç kateqoriyada qızıl medal almasından məmnun olduğunu bildirərək gənc və istedadlı sənətçilərin uğurlarının daha da artmasını arzu etdiyini dilə gətirib: “TÜRKSOY Gənclər Xorunu türk dünyası xorları arasında repertuar, musiqi dəyişikliyi edə bilməsi və türk musiqisini dünyaya tanıtmaq məqsədilə qurduq. Məqsədimiz musiqinin daha fərqli sahələrində olduğu kimi, xor musiqisi sahəsində də nə qədər böyük potensialımızın olduğunu ortaya qoymaqdır”.
Qeyd edək ki, Avropa Xor Oyunlarına 30 ölkədən iki minə yaxın sənətçi qatılıb. TÜRKSOY Gənclər Xorunu bu yarışmaya TRT-nin Radio Xoru şefi, soydaşımız Elnarə Kərimova və Qazaxıstan Filarmoniyası Xorunun rəhbəri Gülmira Kuttibadamova hazırlayıblar.
32 gəncin yer aldığı kollektivə ölkəmizdən Bakı Musiqi Akademiyasının tələbələri Dilarə Mahmudova, Fatimə Cəfərzadə, Aysel Qəmbərli, Taleh Yəhyayev, Mahir Tağızadə, Azərbaycan Milli Konservatoriyasının tələbələri Emin Zeynallı, Əlisafa Abbasov və M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi Kamilla Heydərova daxildir.
Kollektiv növbəti konsertini iyulun 16-da Türkiyənin Balıkəsir vilayətinin Ayvalık şəhərində verəcək. Bundan sonra xor üzvləri təhsillərini davam etdirmək üçün ölkələrinə dönəcəklər.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar