Xəbər verdiyimiz kimi, iyulun 9-da “Milan Expo-2015” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub. “Milli gün” çərçivəsində pavilyonumuzun rəsmi təqdimat mərasimi keçirilib.

Mərasimə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, İtaliya hökumətinin nümayəndələri, bu ölkədəki diplomatik korpusun təmsilçiləri və digər qonaqlar qatılıblar.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Milli gün” çərçivəsində Azərbaycan incəsənət ustaları möhtəşəm konsert proqramı ilə çıxış edib.
Azərbaycan mədəniyyətinin yerli sakinlərə və pavilyona digər ölkələrdən gələn qonaqlara tanıdılması proqramı “Milan Expo” ərazisindəki Auditorium zalında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin iştirakı ilə konsert proqramı ilə başlayıb. Orkestrin bədii rəhbəri, dirijor Teymur Göyçayevin idarəçiliyi ilə keçən konsertdə xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, əməkdar artistlər Afaq Abbasova, Nigar Şabanova, gənc skripkaçı Elvin Qəniyev çıxış ediblər.
Sonra konsert Azərbaycan milli pavilyonu qarşısında “Natiq” ritm qrupunun ifasında milli ritmlərin təqdimatı ilə davam edib. Burada, həmçinin Xalq artisti Afaq Məlikovanın bədii rəhbərliyi ilə Dövlət Rəqs Ansamblının çıxışı olub. Azərbaycan musiqisi və rəqsləri pavilyona gələn yüzlərlə ziyarətçi tərəfindən böyük maraqla qarşılanıb. Meydana toplaşanlar da milli musiqi sədaları altında rəqs ediblər. Ziyarətçilər milli pəhləvanlarımız - Haldun Loğmanov və Seyhun Loğmanovun çıxışını da izləyiblər. Yüzlərlə izləyici incəsənət ustalarımızın ifalarını “Azərbaycan” deyərək alqışlayıblar.
Azərbaycan pavilyonunda, həmçinin milli mətbəximizin və muğam musiqimizin təqdimatı olub. Xanəndələr Arzu Əliyeva və İlkin Əhmədov Azərbaycanın milli musiqi incisi, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənətindən nümunələr səsləndiriblər.

Pavilyonun terrasında təşkil olunan muğam gecəsində qonaqlar Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadmaq imkanı da əldə ediblər.
Pavilyondakı “IDEA-Biomüxtəliflik parkı”nda quraşdırılan monitorda izləyicilərə Azərbaycan haqqında və ölkəmizin bugünlərdə ev sahibliyi etdiyi “Bakı-2015” birinci Avropa Oyunları barədə videoçarxlar nümayiş etdirilib.
Milli pavilyonda Azərbaycan mədəniyyətinin təqdimatına həsr olunan proqramda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, “Milan Expo-2015”də təmsil olunan digər ölkələrin pavilyonlarının nümayəndələri, İtaliyanın ictimai xadimləri iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan pavilyonu “Milan Expo-2015” sərgisi çərçivəsində mayın 1-dən fəaliyyət göstərir. “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” devizi ilə keçirilən builki sərgidə 145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən Azərbaycan milli pavilyonla təmsil olunur.
Sərgini ziyarət edən milyonlarla insana Azərbaycanın qədimliyi və müasirliyi, tarixi və bu gününə dair təqdimatlar olur. Azərbaycan pavilyonu “Milan Expo-2015” sərgisinin ən ilkin hazırlanmış və ən çox ziyarətçi qəbul edən pavilyonlarından biridir.
Azərbaycan pavilyonuna mayın 1-dən etibarən 1 milyondan çox ziyarətçi gəlib.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yaradılmış Azərbaycan pavilyonu buraya gələn hər bir ziyarətçiyə ölkəmiz haqqında xoş təəssüratlar bəxş edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar