Ötən illərdə olduğu kimi, builki Qəbələ musiqi festivalının da proqramı zəngindir. Şəhərdəki Heydər Əliyev Konqres Mərkəzinin kamera musiqisi zalında və açıq səma altında qurulmuş səhnədə keçirilən konsertlərdə festival iştirakçıları rəngarəng ifalar təqdim edirlər.

Motsartın vətənindən musiqi payı

İyulun 25-də festivalın ilk konsertində Avstriyanın “Vayner Akademiyası” kamera orkestrinin konserti böyük maraqla qarşılanıb. Konsertdə məlumat verilib ki, 1985-ci ildə Martin Heselbökun rəhbərliyi ilə yaradılan orkestr bir sıra beynəlxalq müsabiqələrin mükafatlarını qazanıb.
Martin Heselbökun dirijorluq etdiyi konsertdə Avstriya bəstəkarları Yohann Henrix Şmelser və Volfqanq Amadey Motsartın, İtaliya bəstəkarları Govanni Battista Sammartini və Antonio Vivaldinin əsərləri səsləndirilib. Tanınmış musiqiçilər Markus Hoffman (violin), Anna-Mariya Smerd (violin), Volfram Fortin (viola), Martin Hasselbuk (orqan), Pavel Serbin (cello), Valter Bakunig (basso), Maykl Oman (blokfleyta) tamaşaçılara unudulmaz anlar yaşadıblar.

“Bakı Brass” ansamblı tamaşaçılara xoş anlar bəxş edib

İyulun 26-da Heydər Əliyev Konqres Mərkəzində nəfəs alətləri ifaçılarından ibarət “Baku Brass” ansamblının konserti olub. Əməkdar artistlər Sirus Məmmədov (truba), Rövşən Quliyev (truba), Andrey Sabayev (valtorna), Əli Hacıyev (truba), həmçinin Ucal Məmmədxan (zərb) və Kamal Tapdıqov (trombon), Anar Məmmədov (klarnet), Denis Utkin (bas gitara) və Leyla İbrahimovanın (vokal) çıxış etdiyi konsertdə bəstəkarlar E.Morrikone, G.Mendez, K.K.Davis, G.Holst, G.Gershvin, L.Bricusse, M.Buble, V.A.Motsartın əsərləri səsləndirilib.
Qeyd edək ki, “Baku Brass” ansamblı 2005-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti, Sirus Məmmədov tərəfindən yaradılıb. Kollektivin yaradıcılığı çoxistiqamətlidir. “Baku Brass” ansamblı müxtəlif səhnələrdə çıxış edir. Onların ifasından bütün musiqi həvəskarları zövq ala bilir.

Klassik əsərlər üç ölkə vokalçılarının ifasında

Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 26-da təqdim olunan daha bir konsertdə azərbaycanlı vokalçılar Aytac Şıxəlizadə (mezzo-soprano), Səddam Novruzbəyov, Taleh Yəhyayev (vokal), özbəkistanlı Cəbrayıl İdrisov (vokal), italiyalı Gian Luca Pasolini (tenor) çıxış ediblər. Onların ifalarını pianoda Fəqan Həsənli və Nərgiz Ağayeva müşayiət edib.
Konsertdə Azərbaycan və Avropa bəstəkarlarından Ü.Hacıbəyli, F.Lizst, İ.Quliyev, H.Klosenin, G.Puççini, F.Legar, C.Verdi və başqa bəstəkarların əsərləri musiqisevərlərin zövqünü oxşayıb.

İtaliya Simfonik Orkestrinin növbəti konserti

İyulun 26-da festivalın iştirakçısı olan İtaliya Simfonik Orkestri növbəti konsert proqramı ilə çıxış edib. Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, Xalq artisti Rauf Abdullayevin idarə etdiyi konsertdə bəstəkarlar C.Verdi, L.Bethoven, F.Şopen, P.Sarasaten və S.Rahmaninovun əsərləri səsləndirilib.
Gecədə İtaliya Simfonik Orkestri ilə yanaşı, Azərbaycan musiqiçiləri Nərmin Nəcəfli (piano), Kamran Omarlı (violin), Toğrul Hüseynli (piano), gürcüstanlı Elisso Bolkvadzenin (piano) çıxışı da maraqla qarşılanıb.
Qeyd edək ki, 30 ildən çoxdur fəaliyyət göstərən İtaliya Simfonik Orkestri dünyanın ən möhtəşəm musiqi kollektivlərindəndir. Orkestrin Qəbələ festivalında ilk çıxışı iyulun 25-də təntənəli açılış mərasimində olmuşdu.

Azərbaycan, Rusiya və İsrail musiqiçiləri bir arada

İyulun 27-də Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan, Rusiya və İsrail musiqiçilərinin konserti olub.
Kamera zalında keçirilən konsertdə Qəbələ festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli (piano), tanınmış musiqiçilər Nərgiz Kəngərli (piano), Elvin Nəcəfov (viola), rusiyalı Yevgeniya Antonova (piano), Anastasiya Zivotovskaya (piano), Ülviyyə Hacıbəyova (piano) və israilli Janna Qandelman (violin) iştirak ediblər. Azərbaycan və Avropa bəstəkarlarının-Ü.Hacıbəylinin, Niyazinin, Q.Qarayevin, A.Məlikovun, F.Bədəlbəylinin, P.Hindemitin, E.Qrieqin, M.Ravelin və digər bəstəkarların klassik əsərləri musiqisevərlərin zövqünü oxşayıb.

“Barselona və Flamenko” ansamblının möhtəşəm gecəsi

Həmin gün Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnədə İspaniyanın “Barselona və Flamenko” ansamblının möhtəşəm konserti də festivalın ən yaddaqalan hadisələrindən birinə çevrilib.
Tanınmış xoreoqraf Rafael Amarqonun rəhbərliyi ilə yaradılan ansambl tamaşaçılar qarşısında flamenko sənətini və yüksək ifaçılıq məharətinin nümayiş olunduğu “Opera və Flamenko” və “Qran Qala Flamenko” tamaşalarını təqdim edib. Qəbələ səhnəsində qaraçıların çılğınlığı və ehtirası ilə musiqi, ruh, rəqs və qüvvənin mükəmməl simbiozu nümayiş olunub.
Qeyd edək ki, bu ansamblın tamaşaları Barselonada ən çox baxılanlar sırasındadır. On ildən çoxdur ki fəaliyyət göstərən “Barselona və Flamenko” hər il Avropada və Şimali Amerikada çıxışlar edir.
Qəbələ VII Beynəlxalq Musiqi Festivalının konsert proqramları iyulun 31-dək davam edəcək. Musiqi bayramının iştirakçıları arasında “Moskva virtuozları” kamera orkestri, Xorvatiyadan gitaraçılar qrupu - “Dubrovnik Guitar Trio”, eləcə də Rusiya, Ukrayna, İsrail və Almaniyadan musiqiçilər, o cümlədən Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqaları var.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar