Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi və braziliyalı musiqiçi Benjamin Taubkinin dəvəti ilə tar ifaçısı, Əməkdar artisti Sahib Paşazadə San Paulo ştatının Braqansa-Paulista şəhərində keçirilmiş "Serrinya" incəsənət festivalında iştirak edib. Tarzən sözügedən tədbirdə Braziliyadan və müxtəlif ölkələrdən gəlmiş milli musiqi alətləri ifaçıları ilə 10 günlük yaradıcılıq təcrübəsi mübadiləsində olub və onların birgə ifaları səsyazmaya alınıb.
Həmçinin Sahib Paşazadənin Braziliyanın San Paulo şəhərindəki "Casa do Nucleo" mərkəzində solo konserti keçirilib. Konsertin əvvəlində "Casa do Nucleo" mərkəzinin rəhbəri B.Taubkin çıxış edərək, Azərbaycanın zəngin mədəniyyəti, tar musiqi aləti haqqında məlumat verib və Sahib Paşazadəni təqdim edib.
Öz növbəsində S.Paşazadə Azərbaycan tarının tarixi, inkişafı və texniki imkanları barəsində tamaşaçılara ətraflı məlumat verib, tar ifaçılığı sənətimizin 2012-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıb.
Konsert zamanı ifaçı "Segah", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Çahargah" kimi Azərbaycan muğamlarından parçalar və "Azərbaycan", "Bənövşə", "Naz-nazı" və digər milli rəqslərimizi, habelə braziliyalı bəstəkar Zeqinya Abreunun "Tiko-Tiko" əsərini Azərbaycan musiqisi ilə sintez edərək ifa edib. Onun ifası auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sahib Paşazadənin Braziliyadakı çıxışları Azərbaycan musiqisi və mədəniyyətinin bu ölkədə tanıdılmasına töhfə olub.
Xatırladaq ki, "Serrinya" incəsənət festivalının bədii rəhbəri Benjamin Taubkin 2013-cü ildə Bakıda keçirilən “Muğam aləmi” beynəlxalq festivalında iştirak edib və Azərbaycan bəstəkarı Eldar Mansurovun "Bayatılar" əsərini Braziliyada ifa edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar