Müxtəlif ölkələrdən musiqiçilərin görüş yerinə çevrilən festival mədəniyyətlərarası dialoqa daha bir töhfə oldu

İyulun 25-dən 31-dək davam edən və rəngarəng konsert proqramları ilə sənətsevərlərə yüksək zövq bəxş edən Qəbələ VII Beynəlxalq Musiqi Festivalı tarixə qovuşdu. 2009-cu ildən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən ənənəvi festival bir daha təsdiq etdi ki, ölkəmizin bu dilbər guşəsi artıq dünya musiqi xəritəsində öz yerini tutan incəsənət məkanına çevrilib.

Azərbaycanın mədəni həyatında mühüm hadisələrindən olan budəfəki festival da zəngin proqramı və çoxsaylı iştirakçıları ilə yadda qaldı. Avropanın və dünyanın məşhur musiqiçilərinin ifaları Qəbələnin ecazkar təbiəti ilə ahəng təşkil edərək dinləyicilərə xoş anlar yaşatdı.
Festival onu da təsdiq etdi ki, Azərbaycan Qərblə Şərqin mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır. Bu baxımdan musiqi bayramı mədəniyyətlərarası dialoqa daha bir töhfə oldu.

Gənc pianoçular müsabiqəsinin qalibləri mükafatlandırıldı

Xəbər verdiyimiz kimi, Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Gənc Pianoçuların III Beynəlxalq Müsabiqəsi də keçirilib. İyulun 30-da şəhərdəki Heydər Əliyev adına Konqres Mərkəzində müsabiqə iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə məlumat verilib ki, yarışmada dünyanın 7 ölkəsindən gəlmiş istedadlı gənc ifaçılar iştirak ediblər. Üç turdan ibarət olan müsabiqənin final konsertini izləyən tamaşaçıların sayı həddindən artıq çox olub. Bu isə müsabiqənin böyük əks-səda doğurduğunu bir daha təsdiqləyib.
Müsabiqədə Azərbaycanı Nərgiz Kəngərli təmsil edib. Tamaşaçılar və münsiflər heyəti ilə yanaşı, müsabiqə iştirakçıları da əslində rəqib həmkarlarının ifasını diqqətlə dinləyiblər. Münsiflər heyətinin üzvləri müsabiqənin yüksək səviyyədə keçirildiyini deyib, iştirakçılarının ifalarından razı qaldıqlarını bildiriblər.
Çıxışlardan sonra pianoçuların mükafatlandırılması mərasimi olub. Müsabiqədə Tatyana Şafran (Ukrayna) və Aiko Tomiya (Yaponiya) birinci, Nərgiz Kəngərli (Azərbaycan) və Yevgeni Antonova (Rusiya) ikinci, Daniyel Neyman (İsrail) üçüncü yerləri tutublar. İştirakçılara mükafatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və tanınmış pianoçu Oksana Yablonskaya təqdim edib.

* * *
Qəbələ VII Beynəlxalq Musiqi Festivalının sonuncu günü, iyulun 31-də Heydər Əliyev Konqres Mərkəzində isveçrəli tanınmış pianoçu Andrey Qavrilovun konserti olub. Beynəlxalq müsabiqələrin qalibi və festivalların iştirakçısı olan Andrey Qavrilov bəstəkarlar F.Şopenin və S.Prokofyevin əsərlərini səsləndirib. Tamaşaçılar A.Qavrilovun ifasını böyük zövqlə dinləyiblər.

Festivalın möhtəşəm final mərasimi

İyulun 31-də axşam festivalın bağlanış mərasimi və yekun konserti keçirilib. Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan mərasim və konsert də anşlaqla gerçəkləşib.
Dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, xarici ölkə diplomatlarının da qatıldığı mərasimdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil edilən Qəbələ VII Beynəlxalq Musiqi Festivalının ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. O, festivalın təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib, festivalın böyük əkssəda doğurduğunu qeyd edib. Vurğulanıb ki, ölkəmizin ev sahibliyi etdiyi bu mötəbər tədbirlər ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində apardığı ardıcıl siyasətin nəticəsidir.
Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlərdə iştirak edən xarici qonaqlar Azərbaycanla daha yaxından tanışlıq imkanı əldə ediblər. Bu festival Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində mühüm addımdır. Festivalın xarici kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılması da bunun göstəricisidir.
Festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli layihənin təşkilatçısı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya iştirakçılar adından təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. Artıq yeddinci dəfə gerçəkləşən festival ölkəmizdən kənarda da böyük əks-səda doğurur.
“Moskva virtuozları” Kamera Orkestrinin direktoru Qriqori Kovalevski çıxış edərək Azərbaycan xalqını bu musiqi bayramının uğurla başa çatması münasibətilə təbrik edib.
Çıxışlardan sonra festivalın yekun konserti başlayıb. Səhnə “Moskva virtuozları” Kamera Orkestrinin ixtiyarına verilib. Orkestr 1979-cu ildə məşhur skripkaçı Vladimir Spivakov tərəfindən yaradılıb, hazırda o, kollektivin bədii rəhbəri, baş dirijoru və solistidir.
Tanınmış dirijor Pol Mayerin rəhbərliyi ilə keçən konsertdə “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, “Grammy” mükafatçısı, Qəbələ festivalının bədii rəhbəri Dmitri Yablonski (violonçel), festivalın bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli (fortepiano) və Rusiyanın tanınmış musiqiçisi Sergey Nakaryakov (truba) da çıxış ediblər. Ansambl yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirib və tamaşaçılara əvəzsiz təəssüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən ansamblın konsertində V.A.Motsartın, F.Əmirovun, V.Mustafazadənin, A.Pyazzollanın, J.Arbanın əsərləri səsləndirilib. Son konserti mindən çox tamaşaçı izləyib və gurultulu alqışlarla qarşılayıb. Festival möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar