Beynəlxalq musiqi festivalından təəssüratlar

İyulun 25-dən 31-dək Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı keçirildi. 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsası qoyulan möhtəşəm incəsənət layihəsi bu il də dünyanın tanınmış kollektivlərini, solistlərini bir araya gətirdi. Səkkiz ölkədən (Azərbaycan, İtaliya, İspaniya, Rusiya, Xorvatiya, Almaniya, Ukrayna, İsrail) məşhur kollektivlərin, solistlərin və dirijorların qatıldığı Qəbələ festivalı bu dəfə də yaddaşlarda silinməz izlər buraxdı, tamaşaçılara xoş anlar yaşatdı. Festivalın müxtəlif ölkələrdən olan iştirakçıları beynəlxalq musiqi bayramı haqqında, ölkəmizin zənginlikləri barədə təəssüratlarını bölüşüblər.

Dmitri Yablonski (festivalın bədii rəhbəri, Rusiya-ABŞ):
- Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri, məşhur musiqiçilərlə yaxından tanış edir. Belə gözəl təbiət qoynunda, açıq havada təşkil edilən festival üçün Heydər Əliyev Fonduna təşəkkür etmək lazımdır. Burada gündə iki konsert olur və fərqli musiqi əsərləri səsləndirilir. Ona görə də Qəbələ festivalı haqqında hələ çox danışılacaq.
Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ festivalının builki proqramı çox zəngindir. Musiqisevərlər 7 gün davam edəcək festivalda bir çox dünya şöhrətli musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar.
Hər gün kamera musiqisi zalında və açıq səma altında təşkil olunan konsertlərdə tamaşaçı izdihamı yaşanır. Bu il festivalın iştirakçıları və qonaqları arasında daha məşhur kollektivlər, müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarlar var.

“Bölgədə bu qədər insanın klassik musiqiyə olan marağı heyrət doğurur”

Pavel Serbin (violin ifaçısı, Avstriya):
- Festival çox yüksək səviyyədə təşkil olunub. Bu qədər mətbuat nümayəndələrinin, yüksək səviyyəli musiqiçilərin iştirakı və fərqli musiqi janrlarına müraciət olunması tədbirin əhəmiyyətini artırır. Auditoriya bizi çox isti və səmimi qarşıladı. Dünya şöhrətli musiqiçilər öz ifaları ilə festivala xüsusi ovqat gətirirlər.
Paytaxtdan uzaq bölgədə bu qədər insanın klassik musiqiyə olan marağı məni heyran etdi. Mən bunu öz ölkəmdə mütləq qeyd edəcəyəm. Burada dəyərli musiqiçilər bir araya gəlib. Bu baxımdan festivalı yüksək qiymətləndirirəm və burada olmaqdan çox məmnunam. Adətən belə festivallar böyük şəhərlərdə keçirilir. Amma bu cür gözəl bir yerdə, təbiət qoynunda, sakit bir şəhərdə klassik musiqi dinləməyin ayrı gözəlliyi var. Bu musiqi bayramının təşəbbüskarına və təşkilatçılara minnətdaram.
Anastasiya Jivotovskaya (pianoçu, Rusiya):
- Bu, Azərbaycana ilk səfərim olmasa da, Qəbələ festivalında birinci dəfədir iştirak edirəm. Festivalın böyük potensialı var. Hətta deyərdim ki, gözəl təbiət qoynunda ənənəvi olaraq keçirilən bu festivalı parlaq gələcək gözləyir.
Belə möhtəşəm musiqi tədbirində iştirak etmək bir çox musiqiçilərin arzusuna çevrilib və onlar dəvət gözləyirlər. Ötən festivallarda dünyanın 150-dən çox tanınmış musiqiçisi Qəbələ səhnəsində konsert verib. Bu, böyük uğurdur. Mən məmnuniyyətlə, növbəti ildə də bu festivalda iştirak etmək istərdim.

Cankarlo de Lorenzo (İtaliya Simfonik Orkestrinin dirijoru):
- Festivalın belə bir gözəl məkanda, dağlar, meşələr arasında, bu cür tanınmış ifaçıların iştirakı ilə keçirilməsi mənim üçün böyük sürpriz oldu. Azərbaycanda çoxlu musiqiçi dostlarım var. Qəbələ festivalında iştirakım bu ölkəni yaxından tanımaq üçün gözəl fürsət oldu.
Dünyanın tanınmış musiqiçilərinin bu festivala qatılması, əlbəttə ki, onun yüksək səviyyəsindən xəbər verir. Auditoriyanın festival çərçivəsində keçirilən konsertlərə marağı məni heyran edir. Mənim rəhbərliyimlə Qəbələdə İtaliya Simfonik Orkestrinin iki gün konserti oldu. Biz ilk dəfə olaraq Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüranı səsləndirdik. Tamaşaçılar bizi ayaq üstə alqışladılar. Musiqiçiyə bundan böyük hədiyyə ola bilməz. Biz çox şadıq ki, dahi Ü.Hacıbəylinin əsərini yüksək səviyyədə ifa edə bildik. Sizin xalqın böyük bəstəkarları, gözəl musiqiləri var.

Aleksey Miltıx (Azərbaycanın Əməkdar artisti, violonçel ifaçısı, Ukrayna):
- Festival yüksək səviyyədə təşkil olunub. Mən bir neçə dəfə bu musiqi tədbirində iştirak etdiyim üçün özümü xoşbəxt sanıram. Burada tamaşaçılar Azərbaycan mədəniyyətinin, musiqisinin şahidi olurlar, klassik bəstəkarların əsərlərini dünya şöhrətli musiqiçilərin canlı ifasında dinləyirlər.
Dinləyicilər mənim kamera musiqi zalında bir sıra yerli və beynəlxalq müsabiqələrin qalibi, festivalların iştirakçısı olan pianoçu Səidə Tağızadə ilə birgə səsləndirdiyim musiqi əsərlərindən böyük zövq aldılar. Bu, bizə də çox xoşdur. Çünki bu zalda musiqi səsləndikdə və ya ifaçılar oxuyanda elə bir ahəng yaranır ki, sanki hər kəs bu anı eyni dərəcədə zövqlə yaşayır. Zənnimcə, festivalın miqyası gələcəkdə artaraq daha çox ölkələrdən iştirakçılar cəlb edəcək. Növbəti illərdə bu festivalda iştirak etməkdən şad olardım.

Aleksandr Qindin (rusiyalı pianoçu):
- Gözəl məkan, gözəl insanlar və əla musiqi - bütün bu amillər Qəbələdə keçirilən beynəlxalq musiqi festivalında harmoniya təşkil edir. Mən növbəti dəfə burada iştirakımdan çox məmnunam. Festival yüksək səviyyədə təşkil olunub, təəssüratlarımız zəngindir. Hər şey ifaçıların və tamaşaçıların zövqünə uyğundur. Ümid edirəm ki, bu musiqi bayramı uzun illər davam edəcək və dünyanın diqqətini Qəbələyə hər il daha çox yönəldəcək.
Bu bayram özündə dünyanın dörd bir yanından olan tanınmış musiqiçiləri birləşdirir. Festivalın proqramı olduqca zəngindir. Yerli və xarici tamaşaçılar konsertlərdən böyük zövq alırlar. Hər il müxtəlif orkestrlər festivala qatılır. İstirahət etmək üçün bura gələn insanların səsləndirdiyim musiqi əsərlərini ayaq üstə alqışlamaları mənim üçün xoşbəxtlikdir.

Luis el Qranaino (“Barselona və Flamenko” ansamblının üzvü, İspaniya):
- Qəbələ festivalı ansamblımızın üzvlərində çox dərin təəssüratlar yaratdı. Xüsusilə də tamaşaçıların konsertimizə münasibəti bizi ruhlandırdı.
Ölkənizi çox sevdim. Qəbələ səhnəsindəki ikisaatlıq konsertimizdən sonra tamaşaçıların ayaq üstə bizi alqışlaması məni təəccübləndirdi. Bizim ansamblın üzvləri tamaşaçılara hörmət əlaməti olaraq yenidən onlara iki flaminqo rəqsi nümunəsi təqdim etdi. Biz Azərbaycandan xoş təəssüratlarla ayrılırıq.
Burada konsertlər möhtəşəm keçir. Belə festivalla hər bir ölkə fəxr edə bilər.

Janna Qandelmann (violin ifaçısı, İsrail):
- Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimləri təqdim etdikləri konsertlərlə böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşadırlar.
Bizi bura dostumuz, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski dəvət edib. Bu festival haqqında əvvəllər də eşitmişdim, amma builki tədbirin proqramından xəbərim yox idi. Festivalın bu qədər gözəl bir yerdə möhtəşəm təşkil ediləcəyinə inanmırdım. Mən burada məşhur pianoçu Fərhad Bədəlbəyli ilə birgə səhnəyə çıxdım və möhtəşəm kamera konserti verdik. İfamız tamaşaçıların o qədər xoşuna gəldi ki, onlar bizi ayaq üstə alqışladılar. Biz çox sevindik ki, musiqi bayramını izləyənlərə gözəl əhval-ruhiyyə bəxş edə bildik.
Qəbələ çox xoşuma gəldi, boş vaxtlarımda mənzərəli yerləri gəzmək imkanım oldu. Xoş təəssüratlarla ölkəmizə qayıdırıq. Gələcəkdə konsertlə bağlı dəvət almasam da, buralara turist kimi mütləq gələcəyəm.

“Dinləyicilər arasında gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələrinin də iştirakı sevindirici haldır”

Pol Mayer (fransalı dirijor):
- Adətən, festivallarda gün ərzində iki konsert verilmir. Qəbələ festivalında isə proqram çox zəngin olduğu üçün hətta tamaşaçılar hər gün kamera musiqisi zalında və açıq havada keçirilən üç konsertdə iştirak etmək imkanına malikdirlər. Əsas odur ki, keçirilən konsertlərə dinləyicilərin marağı böyükdür. Hər konsertdə 500-dən çox tamaşaçının iştirak etməsi böyük uğurdur.
Heç bir festivalda belə gözəl təşkilatçılığın şahidi olmamışam. Qəbələ VII Beynəlxalq Musiqi Festivalı müxtəlif yaşlı insanları bir araya gətirib. Dinləyicilər arasında həm gənclərin, həm də yaşlı nəslin nümayəndələrinin iştirakı sevindirici haldır. Avropada auditoriyanı, adətən, yaşlı insanlar təşkil edir. Düşünürəm ki, festivalın Qəbələdə, yaşıl meşəli dağlar arasındakı füsunkar məkanda keçirilməsi mükəmməl ideyadır.

Taras Yaropud (violin ifaçısı, Ukrayna):
- Çoxdandır ki, Azərbaycana gəlmək arzusunda idim. Buyaxınlarda Qəbələ festivalında iştirak etmək təklifi aldım və məmnuniyyətlə razılaşdım. İlk dəfə Bakıda oldum. Bakı gözəl şəhərdir, amma Qəbələdə, gözəl və sakit təbiət qoynunda ifa etmək tamamilə başqa hissdir.
Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri, məşhur sənətkarlarla yaxından tanış edir. Növbəti illərdə də bu musiqi tədbirində iştirak etmək üçün dəvəti səbirsizliklə gözləyəcəyəm. Düşünürəm ki, tamaşaçılar çıxışımdan razı qaldılar. Hər bir ifaçı çıxışı zamanı dinləyici ilə əlaqə yaratmağı bacarmalıdır. Bu, çox vacib məsələdir.
Burada dörd tərəfi sıx meşəliklə əhatə olunan gözəl dağların ətəyindəki səssizliyi musiqi ritmləri pozur. Düşünürəm ki, Qəbələ festivalı həm də Azərbaycan musiqisinin dünyada təbliğində böyük əhəmiyyət daşıyan mədəni hadisədir. Belə gözəl və açıq havada təşkil edilən festival üçün Heydər Əliyev Fonduna təşəkkür etmək lazımdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar