“Onun sənət taleyini uğur nərdivanı saymaq olar. Bütün zamanlarda tamaşaçı sevgi və rəğbəti onu tərk etməyib”

Onu uşaqlıqdan sevə-sevə dinləmişəm. Hamı kimi mahnılarına, məlahətli səsinə vurulmuşam. Heç şübhəsiz, onu dövrünün əfsanələrindən hesab etmək olar. Təkcə “Tələbə” və Yaşar Səfərovla duet oxuduğu “Səadət” mahnısı onu tamaşaçı yaddaşında qərinələrlə yaşadacaq. Təsadüfi deyil ki, bizdən öncəki və sonrakı nəsillərin ömrünün ən gözəl anlarının az qala himninə çevrilən “Tələbə” mahnısında onu daha da sevmişəm.

Xalq artisti, sevilən mahnının mahir ifaçısı Elmira Rəhimova artıq illərdir teleekranlarda görünmür, radio efirindən səsi nadir hallarda eşidilir. Baxmayaraq ki, ona vurğun çoxsaylı tamaşaçı auditoriyası sənətkarı bu gün də dinləmək arzusundadır.
Onun bu susqunluğunu pozmaq arzusu ilə mən də şansımı sınamaq istədim. Vaxtilə dərs dediyi “Təfəkkür” Universitetində tələbəsi olmuş dostumun bələdçiliyi ilə müsahibə almaq üçün Elmira xanıma telefon açdım. Dialoq qısa oldu:
- Salam, Elmira xanım.
- Salam, eşidirəm, buyurun.
- Necəsiniz Elmira xanım, narahat etmirəm ki?
- Yox, kimdir, tanımadım...
Təbii ki, bundan sonra özümü sevimli tələbəsi olmuş dostum filankəsin adın çəkərək (etiraz edəcəyinə əmin idim) təqdim etdim və müsahibə arzumu bildirdim.
Mədəni şəkildə üzrxahlıq edərək müsahibədən imtina etdi. Səbəb isə bir jurnalist olaraq mənim üçün kədərli oldu: “Qızım, incimə, artıq illərdi müsahibə vermirəm. Jurnalistlər ya fikirlərimi təhrif edirlər, ya da özlərinə lazım olan məqamları qabardıb oxucuya yanlış yön verirlər. Odur ki, qərara gəlmişəm ki, susum. Heç bir telekanala, tədbirə də getmirəm. Elə bilirsiniz, çağırmırlar, çağırırlar. Özüm istəmirəm. Xatırladığınız üçün sağ olun. Oxucular da, tamaşaçılar da sağ olsunlar...”
Kədərli dialoqdan sonra yazı həvəsimi lent yazılarındakı məlahətli səsə təsvirlə ovutdum. Hər halda o, onillikləri adlayan sənət ömürlüyündə bu haqqı qazanıb.

Bənzərsiz səs, əbədiyaşar ifalar

Müğənnilər olur ki, səsləri gur olur, yüksək olur, amma şirinlik, məlahət olmur. Elmira xanımın səs palitrasında bir gözəllik var. Geniş diapazonu var və buna görə də istənilən mahnının həm zilini, həm də bəmini ustalıqla ifa edə bilir.
Heç vaxt heç bir konsertində fonoqrama oxumayıb, obrazına girmədiyi mahnını da repertuarına daxil etməyib. Bunu ifaçı ərköyünlüyü kimi qəbul edənlər olsa da o, hər zaman tamaşaçının hisslərini nəzərə alıb. O mahnı ilə yaşayıb, mahnının məzmununu, mahiyyətini tamaşaçıya dəqiq çatdıra bilib. Bu, ifaçı üçün vacib məziyyətdir.
Dövrün əksər bəstəkarları sırf onun səsinə mahnılar yazıblar. Daha çox Ramiz Mirişli ilə əməkdaşlıq edən ifaçı onun 30-dan artıq mahnısını ifa edib. Tofiq Quliyevin neçə-neçə bəstəsini, dram əsərlərinə yazılmış mahnılarını, Cahangir Cahangirovun, Telman Hacıyevin, Adil Bəbirovun əsərlərini məharətlə ifa edib. Yeri gəlmişkən, o, Azərbaycanda duet oxumağın təməlini qoyanlardandır. Mərhum ifaçı Yaşar Səfərovla oxuduğu unudulmaz duetlər bu gün də milyonların sevərək dinlədiyi əsərlərdir.
Doğrudur, onlara qədər Xan Şuşinski ilə Şövkət Ələkbərovanın dueti olub. Amma professional bəstəkar mahnılarının duetlərini onlar ifa ediblər. İslam Rzayev, Anatollu Qəniyev, Əli Mirəliyevlə də duetlər oxuyan müğənni bu mənada sonrakı ifaçı nəsil üçün yaxşı ənənə qoya bilib.

Uğurlu yolun başlanğıcı

Onun sənət taleyini uğur nərdivanı saymaq olar. Hələ məktəbli ikən oxuduğu bir mahnı ilə dünyanın məşhur dövlət xadiminin diqqətini çəkə bilib. Çoxumuzun da bildiyi kimi, Hindistanın prezidenti Cəvahirləl Nehrunun Bakıya səfəri zamanı təşkil olunan tədbirlərdən biri də Elmiranın təhsil aldığı 18 saylı məktəbdə baş tutur. Məktəbin rus bölməsində 9-cu sinifdə təhsil alan qız qonağın şərəfinə verilən konsertdə çıxış edir. Azərbaycan dilində iki mahnıdan - "Qaragilə" və "Azərbaycan maralı"ndan sonra bir hind mahnısı oxuyur və elə həmin mahnı da onu məşhur edir, Hindistan yolunu açır.
Hind dilində səlis oxuyan məlahətli səsin sahibinə valeh olan dövlət xadimi ölkəsinə qayıtdıqdan sonra Elmiranı Rabindranat Taqor Universitetində təhsil almağa dəvət edir. 1957-ci ildə həmin universitetin incəsənət fakültəsinin tələbəsi kimi dərsə başlayan gənc müğənni Bakı üçün darıxdığını əsas gətirərək təhsilini yarımçıq qoyub vətənə dönür. Burada Asəf Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirir. 1961-ci ilin əvvəlində yenə də C.Nehrunun şəxsi dəvəti ilə ikinci dəfə Hindistana təhsil almağa gedir və bu dəfə Dehlidəki məşhur Katak-Şetra rəqs məktəbində rəqs öyrənir və ilin sonunda yenidən vətənə qayıdaraq 1965-ci ilə qədər Asəf Zeynallı adına Musiqi Məktəbinin xanəndəlik sinfində Seyid Şuşinskinin tələbəsi olur.
Sonra ali təhsil almaq, müəllim olmaq arzusunu reallaşdıraraq Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda ingilis dili müəllimi ixtisasına yiyələnir. Neçə illər elə həmin institutda, sonralar isə "Təfəkkür" Universitetində dərs deyir.

Dillər əzbəri mahnılar

Mahnıları dillər əzbəri olan, dünyanın 60-dan artıq ölkəsində qastrol səfərlərində konsert proqramları ilə çıxışlar edən müğənni zəhmətinin bəhrəsini görən, onun şirinliyini dadanlardandır. Təsadüfi deyil ki, çox gənc ikən saysız fəxri fərmanlar, təşəkkürnamələr, təltiflər alan müğənni 26 yaşında ikən respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb. Bütün zamanlarda tamaşaçı sevgi və rəğbəti onu tərk etməyib.
2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə Xalq artisti fəxri adına və Prezident təqaüdünə də layiq görülən müğənni əslində sənət taleyindən narazı sayıla bilməz. Heç bunu dilə də gətirmir. Sadəcə zamanın axarında dəyişən sənət meyarları, ömrün üz cizgilərindəki təzahürü tamaşaçıya hiss etdirməmək, onların yaddaşında əvvəlki təravətində qalmaq üçün görünməzlik yolunu tutub. Yəqin elə zamanın axarında o, bunun sevgi qarşısındakı gücsüzlüyün anlayacaq və bir sənətkarın yaşının istənilən çağında sənət gözəlliyində və əlçatmazlığında olduğunu dərk edəcək...

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar