Tədbirdə Azərbaycan sənətçiləri də iştirak edəcək

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olan “Opera Günləri” 18-ci dəfə sənətçiləri bir araya gətirəcək. Sentyabrın 15-dən 24-dək davam edəcək 18-ci TÜRKSOY Opera Günlərinin konsertləri Türkiyədə və Şimali Kiprdə baş tutacaq.

Quruma üzv ölkələrin opera və balet sənətçiləri sentyabrın 15-də İstanbulda, 17-18 sentyabrda Şimali Kiprdə çıxış edəcək, 23-24 sentyabrda isə Antalyada keçiriləcək 22-ci Beynəlxalq Aspendos Opera və Balet Festivalında TÜRKSOY gecəsində iştirak edəcəklər.
TÜRKSOY Opera Günlərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Tatarıstan, Başqırdıstan, Çin və Şimali Kiprdən 24 sənətçi iştirak edəcək. Azərbaycanı bu tədbirdə Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fəridə Məmmədova (soprano), İlham Nəzərov (tenor) və balet cütlüyü Ayan Eyvazova və Anar Mikayılov təmsil edəcəklər.
TÜRKSOY Opera Günləri iştirakçılarının qatılacağı Beynəlxalq Aspendos Opera və Balet Festivalı 2 min illik antik Aspendos teatrının tarixini yaşadan, dünyaya tanıdan layihədir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Opera və Balet Baş İdarəsindən verilən məlumata görə, 1994-cü ildən bəri keçirilən və 1998-ci ildə beynəlxalq bir tədbirə çevrilən festivalda bu günə qədər bir çox yerli və əcnəbi sənətçilər, qruplar iştirak edib.
Türkiyənin mədəni turizminə və tanıdılmasına da töhfə verən festivalda bu il 3 konsert proqramı, 2 balet və 2 opera təqdim olunacaq. Antik teatr tamaşaçılarına gözəl, əsrarəngiz, zövqlü yeddi gecə yaşadacaq festivalda İzmir, Mersin, Ankara, Antalya Dövlət Opera və Balet Müdirlikləri ilə yanaşı, əcnəbi qrup və solistlər də yer alacaq. Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Türkmənistan, Türkiyə sənətçiləri iştirak edəcək. Tədbirə Koreya və Bolqarıstandan da opera və balet ifaçıları qatılacaq.
Sentyabrın 5-də festivalın açılış konsertini Mersin və Antalya Dövlət Opera və Balet Orkestri və Xoru müşayiət edəcək. Konsertin repertuarına C.Verdi, G.Puççini və başqa klassiklərin əsərləri daxildir. Sentyabrın 8-də İzmir, Mersin və Antalya Dövlət Opera və Baleti “Atəş quşu, ilk bahar ayini” baleti tamaşaçılara təqdim olunacaq.
Uliyam Şekspirin eyniadlı əsəri əsasında “Hamlet” baleti sentyabrın 11-də nümayiş olunacaq. Sentyabrın 16-da isə bəstəsi Selman Adaya aid olan məşhur türk operası “Əlibaba və 40 quldur” Ankara Dövlət Opera və Baletində göstəriləcək. Festival ənənəvi olaraq “TÜRKSOY Opera və Balet Ulduzları” konserti ilə başa çatacaq.
Qeyd edək ki, Antalyadakı Aspendos teatrı təkcə Anadolunun deyil, bütün Avropa, Şimali Afrika teatrları içərisində dünyanın ən yaxşı qorunan antik teatrı olmaqla bərabər, həm də memarlıq üslubu ilə məşhurdur. Teatr binasının günümüzə qədər qorunub qalmasının əsas səbəblərindən biri Səlcuqlar dövründə bərpa olunmasıdır. Beləliklə, bu festivalın Aspendos teatrında keçirilməsi və orada türk dünyası sənətçilərinin çıxış etməsi ona bəşəri bir anlam verməkdədir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar