Caz konserti və fotosərgi təşkil olunub
Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Fransanın Kolmar şəhərinin meriyası ilə birgə mədəni tədbirlər təşkil edib.
Sentyabrın 7-də Kolmar Caz Festivalının 20-ci buraxılışının açılış konsertində tanınmış azərbaycanlı caz ifaçısı Emil Əfrasiyab konsert proqramı ilə çıxış edib. Konsert yerli televiziya kanalı (www.tv7.fr) ilə canlı yayımlanıb. Azərbaycanlı pianoçunu fransız musiqiçilərindən ibarət kvartet - Rafael Pannier (zərb alətləri), Antuan Katz (bas) və Aleksandr Madlin (saksafon) müşayiət edib. Həmyerlimiz bu il Parisdə keçirilən “Jazz a Saint-Germain-des-Pres” və Reims şəhərindəki “Sunnyside” festivallarında da çıxış edib.
Sentyabrın 8-də Kolmarın Edmond Gerrer adına mediatekasında “Azərbaycan obyektivdə” adlı fotosərgi açılıb. Ayın 12-dək davam edəcək sərginin məqsədi Azərbaycanın mədəniyyəti, təbiəti və tarixini şəhər sakinlərinə tanıtmaqdır. Sərgidə TEAS tərəfindən 2012-ci ildə təşkil olunmuş eyniadlı fotomüsabiqənin şəkilləri nümayiş olunacaq. Müsabiqəyə 150-dən çox fotoqraf 750-dək foto göndərib. Münsiflər heyəti “Conde Nast Traveller” jurnalının foto direktoru Karolin Metkalf və məşhur fotoqraf Henri Dallal kimi peşəkarlardan ibarətdir.
Qeyd edək ki, bu ilin mayında Azərbaycanın Şəki və Fransanın Kolmar şəhərləri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb.