Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə milli musiqi bayramı - Üzeyir Musiqi Günü kimi qeyd olunur. Bu münasibətə konsertlər, sərgilər, digər mədəni tədbirlər təşkil olunur.
2009-cu ildən başlayaraq ölkəmizdə 18-28 sentyabr tarixində keçirilən və Üzeyir Hacıbəyliyə həsr olunan beynəlxalq musiqi festivalı bu tarixə əlavə rəng qataraq böyük əks-səda doğurub. Ötən illərdə keçirilən festivallara görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar qatılıblar. Builki sənət bayramı bəstəkarın 130 illiyinə təsadüf edir.
Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixində Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festivalda Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya, Kanada, Türkiyədən tanınmış musiqiçilər və kollektivlər - Liyepaya Simfonik Orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Böyük Teatrının nəfəs alətləri kvinteti, Saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan, Miina Yarvi və başqaları iştirak edəcəklər.
Konsertlərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, respublikamızın digər musiqi kollektivləri, solistlər də çıxış edəcəklər. Festival proqramına teatr tamaşaları, sərgi, bu il 130 illiyi qeyd olunan Üzeyir Hacıbəyli və Müslüm Maqomayevə həsr edilmiş elmi konfranslar, digər tədbirlər daxildir.
Festivalın açılışı və Üzeyir Hacıbəylinin 130 illik yubiley gecəsi sentyabrın 18-də Heydər Əliyev Sarayında keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar