Qazax bəstəkarın Üzeyir bəyə həsr etdiyi əsər təqdim olundu

Sentyabrın 23-də VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında daha bir konsert proqramı keçirildi. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri türkiyəli dirijor Hakan Şensoyun rəhbərliyi ilə çıxış etdi.
Konsertdə Qazaxıstan Bəstəkarlar İttifaqının sədri, Dövlət mükafatı laureatı, filologiya üzrə elmlər namizədi Balnur Kıdırbekin Üzeyir bəyin 130 illiyi münasibətilə bəstələdiyi "Türk akademik musiqisinin babası" adlı əsər ilk dəfə təqdim edildi.
Konsertdən əvvəl Balnur Kıdırbeklə görüşüb təəssüratlarını öyrəndik. O bildirdi ki, Bakıya dəfələrlə gəlməsinə baxmayaraq Üzeyir Hacıbəyli festivalında ilk dəfə iştirak edir. Dahi bəstəkara əsər həsr etmək ideyası onu çoxdan düşündürürmüş: “Üzeyir bəy ümumtürk akademik musiqisinin banisi sayılır. O, ilk dəfə olaraq türk dünyasına opera bəxş edib, simfonik orkestr yaradıb. Buna görə də bu gün türk dünyasında biz bəstəkarlar onun davamçıları hesab edilə bilərik. Üzeyir bəyin musiqisi milli və demokratikdir. Onu dünyanın hər yerində başa düşüb qəbul edirlər. Dövlətlərimiz müstəqillik qazandıqdan sonra türk dünyasında musiqi əsərlərinin əksəriyyəti məhz milli köklərə söykənərək yaradıldı. Üzeyir bəyin başladığı yol davam etdirildi. Düşünürəm ki, bu gün təqdim ediləcək əsərdə də siz bu nüansları hiss edəcəksiniz”.
Müstəqil türk dövlətlərinin musiqi xadimləri arasında sıx əlaqələrdən bəhs edən həmsöhbətim bu işdə TÜRKSOY təşkilatının rolunu xüsusi vurğuladı: “Təşkilatın çoxsaylı musiqi layihələrində də iştirak edirik. Bilirsiniz ki, təşkilat məşhur türk operalarını səhnəyə qoyur və biz bu əsərlərin təqdimatlarında bir-birimizlə yaxından tanış olur, öz sənət təcrübəmizi bölüşürük.
Hazırda TÜRKSOY türk qadın bəstəkarların əsərlərindən ibarət layihə üzərində işləyir. Ən böyük müsəlman dövlətlərində, ərəb ölkələrində qadın bəstəkara rast gəlmək nadir hal sayıla bilər. Türk dövlətlərində isə çox sayda məşhur qadın bəstəkar var ki, əsərləri böyük səhnələrdə eşidilir”.
Azərbaycan Bəstəkarlar İttifaqı ilə də əlaqələrindən də söz açan qonaq bu əlaqələri davam etdirəcəyini bildirdi: “Ümidvaram ki, bu gün Bakıda dahi Üzeyir bəyə həsr etdiyim əsər də bəyəniləcək və musiqi ictimaiyyəti tərəfindən qəbul ediləcək”.
* * *
Konsertin birinci hissəsində Hakan Şensoyun rəhbərliyi ilə Ü.Hacıbəylinin “Arazbarı” və Musa Mirzəyevin “Poema” əsərləri səsləndirildi. Sonra səhnəyə klassik gitara ifaçısı Sinan Ərşah çıxdı. Məşhur ifaçının Bakı səhnəsində ilk çıxışı alqışlarla qarşılandı.
Konsertin ikinci hissəsində isə Balnur Kıdırbekin "Türk akademik musiqisinin babası" əsəri təqdim edildi. Sonda dirijor Hakan Şensoy zalda əyləşən müəllifə təşəkkürünü bildirərək onu təbrik etdi.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar