Özbəkistan saytında Üzeyir Hacıbəyli haqqında məqalə
Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə silkway.uz saytında rus dilində “Şərqin opera novatoru Üzeyir Hacıbəyov” ("Opernıy novator Vostoka Uzeir Qadjibekov") adlı məqalə dərc olunub.
Məqalədə bildirilir ki, Azərbaycan professional musiqisinin banisi dahi Üzeyir Hacıbəyli müsəlman Şərqində ilk operanın, ilk musiqili komediyanın yaradıcısı, qəzəl-romans, xalq çalğı alətləri orkestri, instrumental ansambl, xor üçün müxtəlif janrlarda əsərlərin müəllifidir. Qeyd edilir ki, Üzeyir bəy məşhur bəstəkar olmaqla yanaşı, o tanınmış alim, folklorçu, pedaqoq, dramaturq, jurnalist və ictimai xadim olmuşdur.
Yazıda bəstəkarın həyat və fəaliyyətindən ətraflı bəhs olunur, eləcə də pedaqoji fəaliyyətinə nəzər salınır. Vurğulanır ki, o, Azərbaycan dilində ilk riyaziyyat dərsliyini yazmışdır. Üzeyir bəyin ictimai fəaliyyəti barədə söz açan müəllif qeyd edir ki, o, "Molla Nəsrəddin" jurnalı, habelə o dövrdə dərc olunan qəzetlər üçün felyetonlar, məqalələr yazmaqla xalqın maariflənməsinə mühüm töhfələr vermişdir.
Müəllif yazır ki, Üzeyir bəyin nadir tapıntısı muğam əsasında opera yazmasıdır. Qeyd olunur ki, bəstəkar 1908-ci ildə Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında ölməz bir opera yaratmışdır ki, bununla da o, müsəlman Şərqində operanın əsasını qoymuşdur. Yazıda bəstəkarın 1937-ci ildə ərsəyə gətirdiyi "Koroğlu" operasından da bəhs edilir, bundan sonra onun SSRİ Xalq artisti fəxri adına, daha sonra SSRİ Dövlət mükafatına layiq görüldüyü diqqətə çatdırılır.
Müəllif dahi Azərbaycan bəstəkarının Özbəkistanda da sevildiyini vurğulayır, onun "Leyli və Məcnun" operasını ilk dəfə hələ 1916-cı ildə Sidqi Ruhulla tərəfindən Daşkənddə səhnəyə qoyulduğunu bildirir.
Məqalədə qeyd olunur ki, Azərbaycan xalqı öz dahi oğlunun yaradıcılığını yüksək qiymətləndirir. Onun anadan olduğu gün - 18 sentyabr Azərbaycanda Musiqi Günü kimi hər il təntənə ilə qeyd olunur.
Məqalə ilə bu linkdə tanış olmaq olar: http://www.silkway.uz/newsmore/6803