Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) “6 bəstəkar və 6 şair” birgə layihəsi əsasında “Mahnıdan şərqiyə” adlı konsert proqramı təqdim olundu.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza həyata keçirilən layihə haqqında məlumat verdi. Bildirdi ki, konsert proqramında Azərbaycanın və Türkiyənin 6 şairinin şeirlərinə türkiyəli və azərbaycanlı bəstəkarların yazdıqları musiqilər yer alıb.
ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin möhkəmlənməsində belə tədbirlərin əhəmiyyətini xüsusi qeyd etdi.
İLESAM-ın baş direktoru Mehmet Nuri Parmaksız ABİ ilə birgə əməkdaşlıq müqaviləsində çoxsaylı maraqlı tədbirlərin planlaşdırıldığını diqqətə çatdırdı.
Sonra söz musiqiyə verildi. Konsertdə Türkiyə bəstəkarları Faruk Şahin, Zekai Tuncay, Pınar Göksal, Uğur Top, Özgen Gürbüz və Yaşar Bedükun Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən Əhməd Cavad, Məmməd Araz, Rəsul Rza, Nigar Rəfibəyli, Nəriman Həsənzadə və Zəlimxan Yaqubun şeirlərinə bəstələdikləri mahnılar ifa olundu. Həmçinin Azərbaycan bəstəkarları Firəngiz Əlizadə, Cəlal Abbasov, Cavanşir Quliyev, Həsənağa Adıgözəlzadə, Sərdar Fərəcov və Elza Seyidcahanın türkiyəli şairlər Durmuş Kaya, Nedim Ucar, Serdar Öncül, Sevinc Atan, Sevim Yakıcı və Əkrəm Yalbuzun sözlərinə yazdıqları musiqilər səsləndirildi.
Türkiyəli ifaçılar Çiğdem Gürdal, Oya Ergün, Ali Burç, Evren Turna, Onur Akkuş, Deniz Göktaş həm Azərbaycan, həm də Türkiyə bəstəkarlarının əsərlərini ifa etdilər. Gecədə Sərxan Bünyadzadənin ifasında Üzeyir Hacıbəylinin “Ey vətən” və Nazim Əliverdibəyovun “Bayatı-Şiraz” bəstələri də ifa olundu. Konsert proqramı böyük maraqla qarşılandı.
Fariz Hüseynov