Oktyabrın 30-da Üzeyir Hacıbəylinin ev-muzeyində dünya şöhrətli sənətkar, SSRİ Xalq artisti Rəşid Behbudovun 100, onun baş rolda çəkildiyi “Arşın mal alan” bədii filminin 70 illik yubileyi ilə bağlı tədbir keçirildi.

Ev-muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov mərasimi açaraq bildirdi ki, Azərbaycan vokal məktəbinin bənzərsiz sənətkarı olan Rəşid Behbudov oxuduğu mahnılarla musiqimizi dünyaya tanıdıb. Dünyanın az ölkəsi olar ki, böyük müğənni orada səhnəyə çıxmasın. O, yalnız Azərbaycanın deyil, onlarla başqa xalqın nəğmələrini də onların öz dilində səsləndirib.
Muzeyin fond müdiri Aytən Heydərova sənətkarın həyat yolundan danışdı. Bildirdi ki, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı kimi təltiflərə layiq görülən Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə dünyaya göz açıb. Uşaq yaşlarından məktəb xorunda çıxış edib. 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub, orada özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblının solisti olub. Sonra Tiflisdə “Teo-caz” adlı kiçik ansambl yaradıb. Azərbaycana qastrol səfəri zamanı Bakıda qalmaq qərarına gəlib.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə bildirdi ki, 1943-cü ilin sonunda görkəmli rejissor Rza Təhmasib Rəşid Behbudovu “Bakı” kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkdiyi “Arşın mal alan” filmində baş rola dəvət edir. 1945-ci ildə ekrana çıxan film Azərbaycanda, keçmiş ittifaq məkanında və daha sonra dünyada böyük populyarlıq qazanır. Rəşid Behbudovun 1955-ci ildə Lətif Səfərovun çəkdiyi “Bəxtiyar” filmində baş rolu oynaması həm ona, həm də ekran əsərinə şöhrət gətirir. O, həmçinin “1001-ci qastrol”, “Doğma xalqımıza”, “Toyda görüş”, “Abşeron ritmləri” film-konsertlərində və bir çox sənədli ekran əsərlərində, kinojurnallarda çəkilib.
Xalq artisti, tarzən Ramiz Quliyev müğənninin səsinin sevgiyə, şəfqətə, saflığa çağırış kimi bütün dünyanı özünə heyran qoyduğunu söylədi. Qeyd etdi ki, 1945-ci ildən başlayaraq sənətkarın yaradıcılığının yeni dövrü başlanır. Görkəmli bəstəkar Tofiq Quliyevlə Rəşid Behbudov Azərbaycan musiqisinin yeni, daha parlaq səhifələrini yaradırlar. Bu dövrdə onların yaradıcılığında xalq mahnıları da mühüm yer tutur. R.Behbudov bir çox xalq mahnılarını tamamilə yeni səpkidə, o zaman dəbdə olan caz üslubunda ifa edir. Onlar Azərbaycan xalq mahnılarından ibarət bir neçə silsilə hazırlayırlar. Həmin silsilədən “Qalanın dibində”, “Ağacda leylək”, “Yar bizə qonaq gələcək” və s. mahnılar bu gün də ifa olunur.
Tədbirdə xalq artistləri - kinorejissor Oqtay Mir Qasım, qarmon ifaçısı Kamil Vəzirov, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, R.Behbudov adına Mahnı Teatrının direktoru Kazım Qasımov da çıxış etdilər. Bildirildi ki, R.Behbudov gözəl səsi ilə keçmiş SSRİ-nin bir çox ölkələrində tanınmışdısa, “Arşın mal alan” filmi ilə bütün dünyada tanınıb. Dahi Üzeyir bəyin əsəri, müğənninin məharətli ifası 70 ildir ki, dünyanı dolaşmaqdadır.
Tədbirdə filmdən fraqmentlər nümayiş etdirildi. Sonda incəsənət ustalarından Əməkdar artist Anar Şuşalı və R.Behbudov adına 2 saylı uşaq musiqi məktəbinin şagirdi Elnur Əliyevin ifasında “Arşın mal alan” filmindən ariyalar ifa olundu.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar