Unudulmaz bəstəkar Tofiq Quliyevin xatirəsi yad edildi

Noyabrın 4-də Niyazinin ev-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin (1917-2000) yaradıcılığına həsr olunmuş tədbir keçirildi.

Tədbirdə mədəniyyət və incəsənət xadimləri, Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, muzeyin “Klassik musiqi həvəskarları klubu”nun üzvləri iştirak edirdi.
Əvvəlcə muzeyin arxiv materialları əsasında hazırlanan Tofiq Quliyevin əsərləri və xatirə lent yazısı səsləndirildi.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək bildirdi ki, 7 noyabr bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olan Tofiq Quliyevin doğum günüdür. Görkəmli sənətkar bənzərsiz əsərləri ilə hər birimizin qəlbində yaşayır. Respublikamızın hər bir guşəsində, ən ucqar yaşayış məntəqəsində belə onun musiqisi səsləndikcə xoş ovqatla xatırlanır, yad edilir...
Muzeyin şöbə müdiri Xanım Abdinova bəstəkarın zəngin yaradıcılığından söz açdı. Qeyd etdi ki, Tofiq Quliyevi zəngin və maraqlı yaradıcılıq yolu keçib. O, Azərbaycan caz və estrada musiqisinin yaradıcılarından biri, çoxsaylı populyar mahnıların müəllifidir. “Neftçilər mahnısı”, “Sənə də qalmaz”, “İlk bahar”, “Sevgilim”, “Sən mənim, mən sənin”, “Axşam görüşlərində”, “Bəxtəvər oldum” və s. mahnılar bu gün də bir çox ifaçıların repertuarında xüsusi yer tutur.
Görkəmli sənətkar “Nəsimi”, “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Qayınana”, “Dərviş Parisi partladır”, “Qızmar günəş altında”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız” və digər filmlərə musiqi bəstələyib. Eyni zamanda “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, Ella” operettalarının müəllifidir.
Digər çıxış edənlər Azərbaycan musiqisinə əvəzsiz töhfələr bəxş edən Tofiq Quliyevin bir çox görkəmli sənətkarların yetişməsinə böyük təsir göstərdiyini də qeyd etdilər. Bildirildi ki, onun mahnılarını məşhur müğənnilər - Rəşid Behbudov, Lütfiyar İmanov, Şövkət Ələkbərova və başqaları məharətlə ifa ediblər. Bir zamanlar böyük dinləyici auditoriyası toplayan “Qaya” vokal instrumental ansamblı Tofiq Quliyevin mahnıları ilə şöhrət qazanıb. 200-dən artıq mahnı bəstələyən Tofiq Quliyevin əsərlərinin təravəti bəstəkarın xalq musiqisini dərindən bilməsindən irəli gəlirdi.
Çıxışlardan sonra görkəmli bəstəkarın “Qızıl üzük”, “Sevgilim”, “Bəxtəvər oldum”, “İlk bahar”, “Bəxtiyar” filmindən “Sevgi valsi”, “Onu bağışlamaq olarmı?” filmindən isə “Qəmgin mahnı” əsərləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında səsləndirildi. Çıxışlar və ifalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar