Mərakeşin tanınmış müğənnisi Samira Belhac Yaxın Şərqin məşhur MBC kanalının "Kəlam Navaim" verilişinin qonağı olarkən Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa edib.
Müğənni əvvəlcə Bakıya səfəri zamanı şahidi olduqlarından və Azərbaycan musiqisini ifa etmək qərarına necə gəldiyindən danışıb: “Musiqi insanları birləşdirir. Azərbaycana həmkarım Səd Ləmcərrədlə birlikdə getmişdik. Səfərdən əvvəl Azərbaycan haqqında o qədər də məlumatlı deyildim”.
Samira Belhac deyib ki, o vaxt mahnının sözlərini anlamırmış: “Sözləri səhv tələffüz edəcəyimdən qorxurdum. Mən mahnını oxuyanda bütün iştirakçılar ayağa qalxdı, onların gözlərindən yaş axırdı. Həmin tədbirdə diplomatlar, yüksək vəzifəli şəxslər iştirak edirdi. Mən bir daha anladım ki, dil insan hisslərinin ötürülməsində maneə ola bilməz".
Aparıcıların xahişini nəzərə alan ifaçı verilişdə “Sarı gəlin”dən bir parça səsləndirib.
Qeyd edək ki, Samira Belhac Bakıda Mərakeş mədəniyyəti günləri çərçivəsində Dövlət Mahnı Teatrında təşkil olunan konsert proqramında çıxış edib. O, tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib: “Sarı gəlin” xalq mahnısı həzin, gözəl musiqisi ilə məni ovsunladı. Bu bənzərsiz mahnı üzərində daha çox işləyərək onu musiqi albomuna daxil edəcəyəm. Bu mahnı mənim Azərbaycan musiqisi, Azərbaycan dili ilə ilk tanışlığım oldu. Mərakeşə qayıtdıqdan sonra öz milli alətlərimizin müşayiəti ilə “Sarı gəlin” mahnısını studiyada yazdıraraq növbəti albomuma daxil edəcəyəm”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar