Görkəmli vokal ifaçılarımızın unudulmaz musiqi axşamı

Noyabrın 21-də Azərbaycan Dövlət Filarmoniyasında məşhur opera müğənniləri, xalq artistləri, dövlət mükafatları laureatları Fidan və Xuraman Qasımova geniş konsert proqramı ilə çıxış etdilər. “Sizinlə bu axşam Fidan və Xuraman” adlı konsertə rəsmilər, tanınmış mədəniyyət, incəsənət nümayəndələri, görkəmli ifaçıların sənətinin vurğunları toplaşmışdı.

Konsertdən öncə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Fidan və Xuraman Qasımova bacılarının Azərbaycan musiqi mədəniyyətinin və vokal ifaçılıq sənətinin formalaşmasında xidmətlərindən danışdı. Bildirildi ki, hər iki sənətkar ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan mədəniyyətinə yorulmadan xidmət edir, musiqi sənətimizi dünya səviyyəsində tanıdır, təbliğ edirlər: “Azərbaycan musiqisinin böyük şəxsiyyətləri Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Bakı musiqi elitasının digər nümayəndələrindən aldıqları yüksək təhsil, istedad və çalışqanlıqları tezliklə onları zirvələrə qaldırdı. Opera səhnəsində oynadıqları rollar, təkrarsız səs diapazonları hələ gənc yaşlarından onları milyonların sevimlisinə çevirdi. Fidan və Xuraman Qasımova dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq müsabiqələrin laureatları olublar. Onlar milli vokal ifaçılıq məktəbinin ənənələrini layiqincə yaşadaraq Azərbaycanın adını hər zaman öz sənətləri ilə ucalara yüksəldiblər”.
Hər iki sənətkarın özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizin zənginləşməsində xidmətlərindən bəhs edən nazir müavini onların yüksək mükafatlara və fəxri adlara layiq görülməsini Azərbaycan dövlətinin mədəniyyətə və sənətə verdiyi yüksək qiymətin təzahürü kimi dəyərləndirdi.
Sonra söz musiqiyə verildi. Musiqi təkcə hissləri ifadə etmir, həm də yeni hisslər yaradır. Bu gecədə tamaşaçılar belə anlar yaşadılar.
Proqramda Tofiq Quliyevin “Gözəldir”, “Lirik mahnı”, “Qızıl üzük”, Səid Rüstəmovun “Alagöz”, Qara Qarayevin “Onun böyük ürəyi” filmindən mahnı, Vasif Adıgözəlovun “Qərənfil”, habelə “Küçələrə su səpmişəm”, “Sarı gəlin”, “Qoy yarım gəlsin” kimi xalq mahnıları səsləndi. Həmçinin “Xumar oldum” xalq mahnısını Fidan və Xuraman Qasımova bacılarının ustad xanəndə Alim Qasımovla birgə ifası vokal janrı ilə muğam sənətinin sintezini nümayiş etdirməklə bərabər, gecəyə xüsusi rəng qatdı.
Konsertdə dünya vokal sənətinin incilərindən olan bir sıra kompozisiyalar (C.Handel - “The shadow of your smile”, E.Presli - “Love me tender”, M.Leqran - “Love is stronger far than me”, K.Velaskes - “Bessame mucho” və s.) da səsləndirildi.
Bir-birindən maraqlı ifalarla səhnəni bölüşən xalq artistlərinin çıxışı tamaşaçı auditoriyası tərəfindən hərarətlə qarşılandı.
Anşlaqla keçən konserti dirijor, Xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və tanınmış caz ifaçısı Emil Əfrasiyab müşayiət edirdi. Xalq artisti Ənvər Sadıqovun qarmonda, Əməkdar artist Emil Əfrasiyabın pianoda solo çıxışları da konsertin yaddaqalan anlarından oldu.
Sonda Fidan və Xuraman Qasımova bacıları hər kəsə belə bir gündə onların yanında olduqlarına, göstərdikləri isti münasibətə və dəstəyə görə öz minnətdarlıqlarını bildirdilər.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar