Dekabrın 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbir müğənninin ifasında məşhur “Azərbaycan” mahnısının səsləndirilməsi ilə başlandı. Böyük ifaçının həyat və yaradıcılıq yolu haqqında muzeyin zəngin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olundu.
Mərasimi açan muzeyin şöbə müdiri Xanım Abdinova bildirdi ki, “Azərbaycan” mahnısı Rəşid Behbudovun vizit kartı olub. O, xarici ölkələrdə konsertlərinə bu mahnı ilə başlayıb və bu mahnı ilə də yekun vurub.
Bildirildi ki, Rəşid Behbudov 1915-cil il dekabrın 14-də Tiflisdə doğulub. İlk müəllimi atası, tanınmış şuşalı xanəndə Məcid Behbudov olub. Anası Firuzə Vəkilova rus dili müəlliməsi, habelə Tiflis klubunda dram dərnəyinin rəhbəri olub. 1943-cü ildə Bakı kinostudiyası Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” filmini çəkməyi qərara alır. Filmin rejissoru Rza Təhmasib təsadüfən Zabitlər evində Rəşid Behbudovun Əsgərin ariyasını oxumasını görür və onu filmdə baş rola dəvət edir. 1945-ci ildə ekranlara çıxan film SSRİ-də və bir çox ölkələrdə uğur qazanır.
Rəşid Behbudov 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Sənətkar 1957-ci ildə filarmoniyanın nəzdində caz üslubunu və xalq musiqi alətlərini birləşdirən ansambl yaradıb və ona rəhbərlik edib. Azərbaycan Dövlət Mahnı Teatrının əsasını qoyan sənətkar ömrünün sonunadək bu teatrın bədii rəhbəri və solisti olub.
Yaraşıqlı görkəmi, aktyorluq məharəti, yüksək musiqi duyumu Rəşid Behbudova böyük uğur gətirib və bu uğur onu ömrü boyu müşayiət edib. Müğənninin zəngin repertuarında bəstəkar və xalq mahnıları əsas yer tutub. Böyük ifaçı 1989-cu ildə vəfat edib.
Xalq artistləri Ramiz Quliyev, Kamil Vəzirov, Gülyanaq Məmmədova sənətkarla bağlı xatirələrini bölüşdülər.
Tədbir konsert proqramı ilə davam etdi. Opera və Balet Teatrının solistləri Tural Ağasıyev, Nərminə Nağıyeva, Pircan Həsənov, Pərviz Cavadov, Bakı Musiqi Akademiyasının tələbələri Güllü Babaşova, Nərmin Qasımlı, R.Behbudov adına 2 saylı musiqi məktəbinin şagirdləri Reyhan Abdulcəlilova, Prezident təqaüdçüsü Əli Məlikov, Nail Qurbanov, Səid Babazadə məktəbin xalq çalğı alətləri ansamblının müşayiəti ilə (bədii rəhbər Kamil Hüseynov) görkəmli müğənninin repertuarından mahnılar ifa etdilər. Tədbirdə həmçinin Qərb Universiteti dizayn kafedrasının təqdimatında sərgi nümayiş olundu.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar