Tanınmış musiqiçi Mircavad Cəfərovun 50 illiyinə həsr olunmuş konsert proqramı
Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Cəngi” estrada folklor ansamblının bədii rəhbəri, Əməkdar artist, tanınmış tar və ud ifaçısı Mircavad Cəfərovun anadan olmasının 50 illiyinə həsr edilmiş “Ömrün musiqili səhifələri” adlı konsert proqramı təqdim olundu.
Konsertdən öncə tədbirin aparıcıları Rahib Azəri və Ceyhun Əli çıxış edərək yubilyarı anadan olmasının 50 illiyi münasibətilə təbrik etdilər, onun yaradıcılıq yolundan, musiqi sənətimizə verdiyi töhfələrdən, yaratdığı kollektivin fəaliyyətindən söz açdılar.
Qeyd olundu ki, Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Xalq rəqslərimiz olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından bir-birindən çox fərqlənir. Bildirildi ki, respublikamızda ilk caz-folklor qrupunu 1991-ci ildə Xalq artisti Rafiq Babayev yaradıb. Əməkdar artist Mircavad Cəfərovun “Cəngi” ansamblı bu sahədə özünəməxsus yaradıcılıq üslubu ilə seçilir.
Konsert “Cəngi” estrada folklor ansamblının rəqs və etno-caz rəqs qrupunun ifasında “İgidlər” rəqsi ilə başladı. Gecədə həmçinin rəqs və etno-caz qrupunun solisti Arzu Həsənli, “Rast” qrupu və onun bədii rəhbəri, Əməkdar asrtist Rəşad Haşımov, xalq artistləri Alim Qasımov, Səkinə İsmayılova, əməkdar artistlər Fərqanə Qasımova, Teyyub Aslanov, Zakir Əliyev, xanəndə Qoçaq Əsgərov, cazmenlər - Əməkdar artist Salman Qəmbərov, Əməkdar incəsənət xadimi Cəmil Əmirov və Elçin Şirinov çıxış etdilər.
Proqramda “Dəli Kür” kinofilmindən bayatılar, “26-lar” kinofilmindən mahnı, “Oxu, tar” muğam kompozisiyası, “Kor ərəbin mahnısı”, “Ömrün səhifələri” kinofilmindən mahnı və s. səsləndirildi. Çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Savalan Fərəcov