Görkəmli bəstəkar Vasif Adıgözəlovun xatirə gecəsi keçirildi

Dekabrın 16-da Şövkət Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbində görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun (1935-2006) 80 illiyinə həsr edilmiş xatirə tədbiri keçirildi.

Əvvəlcə bəstəkarın həyat və yaradıcılığını əks etdirən sənədli film nümayiş olundu. Məktəbin direktoru, Əməkdar müəllim Sevda Məmmədova çıxış edərək bildirdi ki, Vasif Adıgözəlov çoxşaxəli yaradıcılığı ilə musiqimizin inkişafına mühüm töhfələr verib. Qara Qarayev məktəbinin parlaq yetirmələrindən olan bəstəkar demək olar ki, bütün musiqi janrlarına müraciət edərək bir-birindən gözəl, orijinal əsərlər yaradıb.
Qeyd olundu ki, yaradıcılığında Şərq və Qərb ənənələrinin yüksək bədii-fəlsəfi sintezinə nail olan Vasif Adıgözəlov XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində üç nəsli birləşdirən etibarlı mənəvi körpü idi: xanəndə Zülfü Adıgözəlov, bəstəkar Vasif Adıgözəlov və dirijor Yalçın Adıgözəlov. Ata, oğul və nəvə - bu üç sənətkar Azərbaycan musiqi mədəniyyəti tarixində müstəqil bir epoxadır.
Bildirildi ki, Vasif Adıgözəlov böyük sənətə 60-cı illərdə gəlib. Amma onun istedadı hələ Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində oxuyarkən meydana çıxmışdı. O, məktəbi 1953-cü ildə bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə - dünya şöhrətli Qara Qarayevin sinfinə daxil olur. Dərin musiqi istedadı sayəsində o özünü görkəmli bəstəkarın sinfində inamlı hiss edir və artıq ikinci kursda ona böyük konsertlərdə piano ifaçılığı etibar edilirdi.
Vasif Adıgözəlov konservatoriyanın həm bəstəkarlıq, həm də pianino siniflərini bitirdikdən bir il sonra, 1959-cu ildə Bəstəkarlar İttifaqına üzv qəbul olunub. Həmin illərdən ömrünün sonuna kimi o özünü musiqimizin keşiyində duran, onu xidmətləri ilə daha da rövnəqləndirən əsl vətənpərvər və bacarıqlı bir sənətkar kimi özünü sübut edib.
Xatirə tədbirində musiqi məktəbi şagirdlərinin ifasında bəstəkarın “Qarabağ şikəstəsi” oratoriyası, “Uşaq pyesləri”, “Naz-naz” mahnısı, “Bakı haqqında mahnı”, prelüd və konsertlərindən hissələr səsləndi.
Sonda bəstəkarın oğlu, tanınmış dirijor, Xalq artisti Yalçın Adıgözəlov çıxış edərək ailəsi adından məktəbin kollektivinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu gün səhnədə çıxış edən gənc istedadlar gələcəyin sənətçiləridir: “Arzum budur ki, bu şagirdlər musiqi məktəbini bitirdikdən sonra məhz bu yolu davam etdirsinlər”.

Lalə Azəri






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar