“Bizim üstünlüyümüz ondadır ki, muğam kimi sonsuz bir çeşməyə sahibik”
Yekunlaşan il musiqi, sənət aləmində rəngarəng hadisələrlə yadda qaldı. Əməkdar artist, pianoçu-cazmen, bəstəkar Emil Əfrasiyab da 2015-ci ili unudulmaz konsert və qastrol səfərləri ilə başa vurur. İfaçı il ərzində bir sıra festivallarda ölkəmizi uğurla təmsil etdi. ABŞ-ın Boston şəhərindəki Berkli adına Ali Musiqi Kollecində təhsil alan Əməkdar artistlə söhbətimizə də bu tədbirlərdən körpü saldıq.
- Emil bəy, 2015-ci ildə sizi daha çox Fransada festivallarda gördük...
- Bu il Parisdə keçirilən “Saint-Germain-des-Pres” XV Caz Festivalında iştirak etdim. Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyi bu işdə bizə yaxından köməklik göstərdi. Konsertdə Fransanın simfonik orkestri ilə birgə çıxış etdim, Vaqif Mustafazadənin fortepiano və orkestr üçün konsertini səsləndirdim. Hər bir musiqiçiyə belə şans yaranmır ki, Parisin tanınmış teatr salonlarında çıxış etsin. Bu mənim üçün şərəf idi. Kolmar Caz Festivalına qatıldım. Konsert yerli televiziya kanalı (www.tv7.fr) ilə canlı yayımlandı. Reims şəhərindəki “Sunnyside” festivallarında da çıxış etdim. Bundan əlavə, 2015-ci il müxtəlif səpkili konsert proqramları ilə zəngin oldu.
- Bakıda keçirilən ənənəvi caz festivalında da yeni proqramla çıxış etdiniz...
- Məni növbəti dəfə bu festivala dəvət etdiklərinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm. Nazirlik mənim Amerikadan bura musiqiçilər gətirməyimə, eyni zamanda okeanın o tayında Azərbaycan musiqisini təbliğ etməyimə şərait yaradır. Artıq neçə müddətdir Amerikada Azərbaycan musiqisini təbliğ etməyə çalışıram və bunu özümə borc bilirəm. Caz festivalı gözəl bir layihədir. Bu festivala dünyanın müxtəlif yerlərindən məşhur musiqiçiləri dəvət etməklə həm də ölkəmizi tanıdırıq, onlarda Azərbaycan haqqında təəssürat yaradırıq. Onlar bizim musiqi və mədəniyyətlə tanış olurlar. Builki festival da xoş xatirələrlə yaddaşlara həkk olundu. Ötənilki festivalda iştirak edə bilməmişdim. Odur ki, bu dəfə festivala tam yeni proqramla qatıldım. Görkəmli bəstəkarlarımız Fikrət Əmirovun “Mən səni araram”, Arif Məlikovun “Çıx yaşıl düzə” mahnılarını tam yeni aranjimanda tamaşaçılara təqdim etdim.
- Cazdan başqa daha hansı janrlara müraciət edirsiniz?
- Əlbəttə ki, cazla kifayətlənmirəm, digər janrlara da müraciət edirəm. 2000-2006-cı illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində (professor Fərhad Bədəlbəylinin sinfi) təhsil almışam. Janrlarda fərq qoymuram. Hər janrın öz yeri var. Əgər insan istedadlıdırsa, onun üçün musiqidə janr seçimi ola bilməz. Klassik musiqi məktəbini öyrənsəm də, caza da eyni marağı göstərirəm.
- Niyə yaradıcılığınızda caza daha çox yer ayırdınız?
- Üç yaşım olanda ilk uşaq melodiyasını pianoda ifa etmişəm. Evimizdə həmişə muğam səslənib. Atam həmişə royal arxasında xalq mahnılarımızı ifa edərdi. Buna görə də musiqiçi kimi yetişməyimdə valideynlərimin böyük əməyi var. İlk vaxtlarda mən mahnıları ifa edərkən özümdən asılı olmadan improvizasiyalar edirdim. Klassik musiqi çalarkən anam həmişə məni tənbeh edərdi ki, niyə düz çalmırsan, əlavələr edirsən. Amma nəyə icazə yoxdursa, o həmişə insanı daha çox özünə cəlb edir. Söz verirdilər ki, məşq bitəndən sonra istədiyini ifa edərsən. Bütün bu qadağalara görə bu gün valideynlərimə minnətdaram.
Caz musiqisinə marağım 13 yaşımdan başladı. Hotel və restoranlarda ifaçı kimi çalışırdım. Bunlar təcrübə qazanmağıma imkan yaratdı. 17-18 yaşımdan ciddi şəkildə cazla məşğul olmağa başladım. Həmişə öyrənirəm. Təkcə bəstəkar deyil, folklor nümunəmizi də cazla sintez edərkən diqqətli olmaq lazımdır. Caz azad musiqi olsa da, bu azadlığın da özünəməxsus qanunları var.
- Bu musiqini ifa edərkən gözləriniz önündə hansı rənglər canlanır?
- Hər mahnını müxtəlif rənglərdə görmək mümkündür. Bu zaman və məkandan, insanın daxili duyğularından asılıdır. Bəstəkar musiqinin ağ rəngini qara, qaranı ağ və digər rənglərə çevirməyi bacarmalıdır. Məqsəd isə fikirləri dayandırmamaqdır. O, öz baxışı ilə yeni rənglər yarada bilər.
- Dinləyicilərdən mesajlar alırsınızmı?
- Hər konsertdən sonra çoxlu mesajlar alıram. Hamısını cavablandıra bilməsəm də, bacardığım qədər reaksiya verməyə çalışıram. Bakı Beynəlxalq Caz Festivalından sonra da çoxlu mesajlar aldım. Gənclər yazanda ki, biz sizi dinləyirik, onlara cavabım bu olur ki, ilk növbədə klassik musiqini dinləmək lazımdır. Özül və qanunlar oradadır. Daha sonra isə caza meyl etmək olar.
- Eşitdiyimizə görə, Azərbaycanda caz məktəbi açmaq fikriniz var.
- Bəli, belə bir fikrim var. Çünki Azərbaycanın özünəməxsus caz məktəbi formalaşıb. Bizim istedadlı gənclərimiz çoxdur. Onlar tamam başqa sahələrdə çalışsalar da, yüksək musiqi duyumuna malikdirlər. Musiqi alətlərində müşayiət etməyi bacaran, lakin musiqi təhsili olmayan gənclərimiz var. Ona görə də düşünürəm ki, müstəqil olaraq bir caz məktəbi yaratsaq, faydalı olar. Bu barədə hələ sadəcə arzularım var, heç bir rəsmi müraciət etməmişəm.
- Amerikadan baxanda mədəniyyətimiz, incəsənətimiz necə görünür?
- Hər bir ölkənin özünəməxsus xüsusiyyətləri, milli-mədəni irsi var. Amerikada dəfələrlə müsabiqələrdə iştirak etmişəm. Bütün konsertlərdə öz musiqimizi təbliğ etməyə çalışmışam. Hər zaman da böyük maraqla qarşılanıb. Çünki bütün dünyada ənənəvi caz musiqisi var və bu musiqi hər bir xalqın özünə xas improvizasiyaları ilə təqdim edilir. Bizim üstünlüyümüz ondadır ki, muğam kimi sonsuz bir çeşməmiz var. Biz muğamı cazla sintez edərkən bu daha böyük maraq doğurur. Amerikadan gələn musiqiçilər böyük sevgi ilə bizim musiqiləri ifa edirlər. Bu, Azərbaycan musiqisinin təntənəsidir.
- Müsabiqə və festivallarda sizi ən çox təəccübləndirən məqam hansı olub?
- Amerikada müsabiqələrin birində I yerə layiq görülmüşdüm. Adım belə təqdim edilmişdi: “Azərbaycan - Emil Azərbaycan”. Bu, tam təsadüf idi. Əlbəttə ki, mənim məqsədim də budur ki, Azərbaycanı tanısınlar. Budur, yenə doğma şəhərdən ayrılıb böyük ruh yüksəkliyi ilə təhsilimi davam etdirmək üçün okeanın o tayına, musiqimizi təbliğ etməyə qayıdıram...
Söhbətləşdi: Lalə Azəri