“Qarşıda bir çox müsabiqələr var və yenə vətənimə qalibiyyətlə qayıdacağıma inanıram”
Xəbər verdiyimiz kimi, 3-7 yanvar tarixində İspaniyanın Lloret de Mar şəhərində “Gran Fiesta” festivalı keçirilib. Festivalda ölkəmizi Bakı şəhərində fəaliyyət göstərən Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin fortepiano şöbəsinin şagirdləri təmsil edib.
Müsabiqənin nəticələrinə görə, musiqi məktəbinin şagirdləri Cəmil Sadıqzadə, Jalə Mailova, Nəzrin Nəzirli I dərəcəli, Xədicə Abdullayeva və Zəminə Kərimova isə II dərəcəli diploma layiq görülüb.
Adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan və Prezident təqaüdçüsü olan Jalə Mailova səfər təəssüratlarını bizimlə bölüşdü.
Bildirdi ki, müxtəlif yaş kateqoriyaları üzrə iştirakçıların qatıldığı “Gran Fiesta” festivalında Üzeyir Hacıbəylinin “Sənsiz” və F.Şopenin “Fantaziya ekspromtu” əsərlərini ifa edib: “Münsiflər heyəti tərəfindən hər iki əsər maraqla qarşılandı və bəyənildi. Daha bir mükafatla vətənimə qayıdacağım məni çox sevindirirdi”.
Jalə deyir ki, dayısının, qardaşının musiqiçi olması ona daha da ruh verir: “Sənət müəllimim, Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovaya xüsusi təşəkkür edirəm. Qardaşım da Prezident təqaüdçüsüdür. Musiqi çətin sənətdir. Amma öz həvəsimlə bu sənəti seçdim. Sənətimi davam etdirməkdə təhsil aldığım Sabunçu rayonu 81 saylı orta məktəb də mənə kömək olur, şərait yaradır. Gələcəkdə təhsilimi xaricdə davam etdirmək istəyirəm. May ayında Dövlət Filarmoniyasında Rauf Hacıyevin doğum günü münasibətilə keçiriləcək konsertə böyük səylə hazırlaşıram. Qarşıda bir çox müsabiqələr var və yenə vətənimə qalibiyyətlə qayıdacağıma inanıram”.
2000-ci ildə Bakıda anadan olan Jalə kiçik yaşlarından musiqiyə maraq göstərir, valideynləri onu R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinə gətirirlər. Burada fortepianonun sirlərinə dərindən yiyələnməyə çalışır. Zaman keçdikcə öz bacarığı və istedadı ilə fərqlənir, valideynlərinin və müəllimlərinin etimadını doğruldur.
İfaçı 2011-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə keçirilən VIII respublika baxış-müsabiqəsində və "Kainat" Gənclik Mərkəzinin təşəbbüsü ilə keçirilən islam dünyası gənclərinin 20 yaşadək klassik musiqi ifaçılarının I beynəlxalq müsabiqəsində birinci yeri qazanıb. O daha sonra Yuri Başmetin rəhbərliyi ilə Samarada (Rusiya) Uşaq Musiqi Akademiyasında Rostislav Krimerdən ustad dərsləri alıb. Bu dərslər zamanı fərqləndiyinə görə qala-konsertdə iştirak etmək hüququ qazanıb və yenə də diplom və kuboka layiq görülüb.
Jalə 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən gənc pianoçuların II respublika müsabiqəsinin də laureatı olur. Həmin il Almaniyanın Münxen şəhərində təşkil olunan "Münxen ulduzları" müsabiqəsində həm solo, həm də ansambl nominasiyalarında qızıl medala layiq görülür.
2014-cü ildə Moskvada dünya şöhrətli pianoçu Denis Maçuyevin rəhbərlik etdiyi "Yeni adlar" fondunun üzvü və təqaüdçüsü olması, Estoniyada İ.S.Bax adına beynəlxalq müsabiqədə I yerə layiq görülməsi istedadlı gəncin davamlı uğurlarının göstəricisidir.
Jalə hazırda Xalq artisti, professor Zəhra Quliyevanın rəhbərlik etdiyi "İstedad Mərkəzi"nin fəal üzvlərindədir. Gənc pianoçuya yeni uğurlar, sənət sevincləri arzulayırıq.
Lalə Azəri