Alim Qasımov Lissabonda çıxış edib
Yanvarın 17-də Portuqaliyanın paytaxtı Lissabonda Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova konsert proqramı ilə çıxış ediblər.
Bir saatdan çox davam edən konsertdə xalq mahnıları ilə yanaşı, Cahangir Cahangirov, Əlibaba Məmmədov və Qulu Əsgərovun bəstələri də səsləndirilib. Yerli media konsertə böyük diqqət ayırıb. Bir çox portallarda konsert haqqında anonslar verilib. "Odlar Yurdundan məhəbbət və ehtirasla" adlı məqalədə qeyd olunur ki, Alim Qasımov və Fərqanə Qasımova dünyanın ən yaxşı muğam ifaçılarındandır. Yazıda muğam Azərbaycan mədəniyyətinin incisi kimi təqdim olunur və bu sənət növü haqqında ətraflı məlumat verilir.
Məqaləyə həm də portuqal dilində subtitrləri olan video da əlavə olunub. Videoda Alim Qasımovun muğam sənəti haqqında fikirləri, həmçinin sənətkar və qızının ifalarından parçalar yer alıb.