Gənc, istedadlı tarzən Şəhriyar İmanov 1989-cu ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 9 yaşından musiqi ilə məşğuldur. 2009-cu ildə Azərbaycan Milli Konservatoriyasını bitirib. 2013-cü ildən həmin təhsil müəssisəsinin müəllimidir. Ölkəmizi xaricdə keçirilən Azərbaycan mədəniyyət günlərində, beynəlxalq tədbirlərdə təmsil edir. Tar ifaçılığında özünəməxsus improvizələri ilə seçilir. Onunla söhbətimizdə də öncə bu barədə soruşduq:

- Muğamda improvizə etməyim klassik yolu yaxşı mənimsəməyimdən irəli gəlir. Üç il Bülbül adına orta ixtisas musiqi məktəbində, beş il də indi çalışdığım Milli Konservatoriyada Xalq artisti Ağasəlim Abdullayevdən dərs almışam. Onun sevimli tələbəsi olmuşam. Adam nə qədər ki, tələbədir, müəllimin dediyi hər şey onun üçün qanun olur, qoyulan yoldan qırağa çıxmır. İstənilən tələbənin vurduğu iki mizrabdan kimin tələbəsi olduğu aydın bilinir. Özünütəsdiq hökmən özünəməxsusluq tələb edir. İndiki tarzənlər çoxluğunda seçilmək üçün gərgin çalışmaq gərəkdir.

- Ən böyük uğurlarınızdan biri “Muğam aləmi” beynəlxalq müsabiqəsində birinci yeri tutmağınızdır. O günləri necə xatırlayırsınız?
- 2013-cü ildə “Muğam aləmi” III Beynəlxalq Festivalı çərçivəsində muğam müsabiqəsi keçirilirdi. Müsabiqədə həm instrumentalçılar, həm də xanəndələr iştirak edirdi. Öncə yerli müsabiqə təşkil edildi ki, orada yer tutanlar beynəlxalq müsabiqədə ölkəmizi təmsil etsinlər. Onadək çox müsabiqədə gücümü sınamışdım. Ancaq bu dəfə gərgin idim, yarışmaya ciddi hazırlaşırdım. İki aya yarışmaya “7 məqam” kompozisiyasını hazırladım. Burada 7 əsas muğamı göstərməliydim. İfam bəzi mübahisələrə səbəb oldu, ancaq bəyənildi və 30-a qədər iştirakçı arasında birinci yeri tutdum. Həmin kompozisiya ilə müsabiqəyə qatıldım, orada da birinci oldum.

- Muğam standart, klassik yoldur. Bununla belə, onillər öncəki muğamla bugünkü muğam arasında fərq varmı?
- Əlbəttə, 1950-ci illərin muğam çalğısı ilə indiki çalğılar arasında fərq var. Hərə bir-iki xal əlavə edir, beləcə muğam dəyişir, ancaq ənənəvi yol dəyişməz qalır. Məsələn, Bəhram Mansurovun yolu Hacı Məmmədov yolundan fərqlənir. Məmmədağa Muradov da başqalarından seçilir. Muğamın klassik standartını hamı qorumağa borcludur. Ancaq onların içərisində ayrı-ayrı yollar, özünəməxsusluqlar var.

- Tarı gitara kimi dünya miqyaslı alətə çevirə bilərikmi?
- Klassik gitaranın vətəni İspaniyadır. Onun ana musiqisi ispan musiqisidir. Gitara bu gün dünya musiqisində, bütün janrlarda istifadə olunur. İspanlar mühafizəkarlıq edib gitaranın ölkədən qırağa çıxmasına imkan verməsəydilər, indi o, yalnız özlərinə məxsus bir alət olacaqdı. O alətdə yalnız ispan musiqisi çalınsaydı, indi beləcə sevilməzdi. Hər xalq öz musiqisini gitarada çala bildiyi üçün həmin alət sevilir.
Tarımız da dünya mədəniyyətində gedən inkişafdan geri qalmır. Bu gün Milli Konservatoriyada Rossininin, Qlinkanın əsərlərini çalırıq. Bizdə milli alətlərin içərisində ən çox tar üçün əsərlər yazılıb. Belə əsərlərin sayı 40-a yaxındır. Hər bir alətin imkanlarını genişləndirmək üçün onu hökmən klassik, caz musiqisində və başqa janrlarda sınamalısan. İspan xalqı gitaranın dünyaya yayılmasıyla fəxr edirsə, biz niyə tarı dünyaya yayıb fəxr etməyək? Görün, musiqimizdə nə qədər qıraqdan gəlmiş başqa alətlər var. Tarımız da dünya xalqlarının musiqisində yer ala bilər. Bizdə simli alət məktəbi yalnız tardır. Bütün gitara ifaçıları tar sinfini bitiriblər. Klarnet alman alətidir. Zurna, balaban çalanların çoxu klarnetdə ifa edirlər. Zurna və balabandakı milliliyi və şirinliyi bu alətdə də verirlər. Biz istənilən yabançı aləti ilk növbədə milli üslubda dilləndirməyi düşünürük. Milli Konservatoriyada tarın təkmilləşdirilməsi ilə bağlı işlər gedir. Bu yaxında yeni bir tar alətinin düzəlməyinə qərar verdik. Səsi indiki tardan iki oktava çox olacaq.

- Tar həm aparıcı, həm də müşayiətçi alətdir...
- Müşayiət çalğısı tamam başqadır. Oxuyan həmişə öndədir. Xanəndə hansı tərzdə oxuyursa, tar da onun ardınca getməyi və müşayiət etməyi bacarmalıdır. Xalq çalğı alətləri içərisində ən çox inkişaf etmiş alət tardır. Tar ansambllarda əsas müşayiətçi alətdir, aparıcıdır. Ansambl çətin bir məqama düşür, elə məqamda tar onları durumdan çıxarır. Xalq musiqisini tarsız düşünmək çətindir.

- Bugünkü gənc xanəndələrə münasibətiniz necədir?
- Bu gün xanəndələrin çoxu muğamı yox, səslərini göstərirlər. Bu, yaxşı yanaşma deyil. Son vaxtlar kiminsə “Rast” oxuduğunu görmək olmur. Xanəndələr səslərini göstərmək üçün zil oxuyurlar. Adi tamaşaçının düşüncəsində belə bir fikir yaranır ki, kim zil oxuya bilirsə, yaxşı sənətkardır. Hacıbaba Hüseynovun zil səsi olmayıb, ona görə bəmdən oxuyub. Ona qulaq asan heç vaxt yorulmaz. Bir çox ifaçılar efirdə özünü reklam edir ki, tanınsın. Nəticə göz qabağındadır. Televiziyalarda toy musiqiləri səslənir.

- Tarzənlərdən kimlərin ifasını dinləyirsiniz?
- Vaxtilə gecə-gündüz bütün tarzənlərə qulaq asmışam. Amma indi bunu etməməyə çalışıram. Ona görə ki, kimə qulaq asmışam, onun təsirinə düşmüşəm. Özümü başqalarının təsirindən qoruyuram. Daha çox öz yolumu tapmağa çalışıram. Öz yolu olmayanı sənətkar saymaq olmaz.

- Lent yazılarınız varmı?
- Dörd muğamı yazdırmışam, yeniləri üzərində işləyirəm.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar