Qara Qarayevin yaradıcılıq irsi təbliğat və tədqiqat üçün zəngin mənbədir
Qara Qarayev dedikdə nəzərimizdə dahi bəstəkar, böyük vətəndaş, sənətin zirvələrini fəth edib xalqını dünyaya bu zirvədən tanıdan bir şəxsiyyət canlanır. Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olan bəstəkar novator meylləri ilə öz üslubunu yaratmış, əsərləri milli hüdudları yararaq dünyanın müxtəlif qitələrinə yol açmışdır. Klassik musiqi ənənələrini neoklassizm cərəyanı ilə qovuşduraraq milli üslubları müasir musiqi texnikası ilə birləşdirən bəstəkar musiqi tariximizə yeni bir səhifə yazdı.
Dünya musiqisinin ən gözəl cəhətlərini və müasir musiqi texnikasını dərindən mənimsəyərək öz məktəbini və davamçılarını yaratdı. Bütün bu fəaliyyəti ona böyük uğurlar və mükafatlar qazandırdı: SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki. Bu sıraya bir mükafatı da əlavə edək: sənətkara xalq məhəbbəti.
Bəstəkarın sənət incilərindən danışarkən deməliyik ki, onların təbliği bu günün ən aktual məsələlərindəndir. Bu yerdə Qara Qarayevin özünün bir təbliğatçı kimi fəaliyyətinə nəzər salaq. Əsərləri onlarla ölkədə və şəhərdə səslənərək Azərbaycan bəstəkarlıq məktəbini təbliğ edən sənətkar xalq musiqisinin təbliğinə də töhfələr vermişdir. Bu işdə bəstəkarın 1930-cu illərdən iştirak etdiyi ekspedisiyaların çox mühüm təsiri vardı. Sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Zemfira Səfərovanın tərtib etdiyi “Qara Qarayevi anarkən” kitabından (2002) Qara müəllimin bir xatirəsini yada salaq.
Bəstəkar yazır: “Elmi tədqiqat kabinetinin rəhbəri Bülbül məni xalq musiqisi üzrə işləməyə cəlb etdi. Mən aşıq yaradıcılığını, muğamları, xalq mahnılarını və oyun havalarını fonovaliklərə yazıb onların üzərində işləyirdim. Şəki şəhərində ekspedisiyada olduğum zaman mən bir sıra qeydlər etmişdim. Bu səfərin nəticəsi çox əhəmiyyətli oldu. Çünki mənim eşitdiyim xalq mahnılarından biri Rəsul Rzanın sözlərinə yazılmış “Könül mahnısı” kantatamın əsasını təşkil etdi”.
Bəstəkarın xalq musiqisini öyrənib, mənimsəyərək öz yaradıcılığında təbliğ etməsində Cabbar Qaryağdıoğlu, Qurban Pirimov kimi sənətkarların da xidmətləri olub. Onların ifasında o, bir neçə muğam və təsnifləri nota köçürərək əsərlərinin melodik dilində milli köklərə istinad etmişdir. Məsələn, bəstəkarın 3-cü simfoniyasının 2-ci hissəsində aşıq musiqisinin intonasiyaları, “Yeddi gözəl” baletindən “Aişənin rəqsi”, “Leyli və Məcnun” simfonik poemasından bir sıra fraqmentlər xalq musiqisinin melodik çalarlarına əsaslanır. Bəstəkarın digər əsərlərində də belə nümunələr var.
Qara Qarayevin təbliğatçılığı onun ictimai fəaliyyətində də özünü göstərir. Z.Səfərovanın tərtib etdiyi kitabdan oxuyuruq ki, bəstəkar Şəkidə ekspedisiya zamanı orada ifasını eşitdiyi bir neçə musiqiçinin peşəkar səhnəyə gəlməsinə zəmin yaradır. Buna Cəfər Bayramov, Aydın Məmmədov və başqalarından ibarət zurnaçılar dəstəsini misal göstərə bilərik. Onlar Qara müəllimin təşəbbüsü ilə həm Bakıda Filarmoniyada çıxış etmiş, həm də 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənət ongünlüyündə iştirak etmişlər. Qara müəllimin tövsiyələri ilə 13 yaşlı tütək ifaçısı, gözəl səsə malik Abbas Abdullayev də musiqi sənətinə yiyələnir və uzun illər Filarmoniyada fəaliyyət göstərir.
Bütün bunlar bəstəkarın təbliğatçılıq fəaliyyətinə ən gözəl nümunədir. İndi isə Qara Qarayev yaradıcılığının təbliği məsələlərindən danışaq. Sözsüz ki, bu, geniş bir söhbətin mövzusudur. Odur ki, konkret olaraq Qara Qarayev yaradıcılığının radio və televiziyada təbliğindən söz açmaq istərdik.
Əvvəlcə Azərbaycan Radiosunun fondundan başlayaq. Burada bəstəkarın zəngin irsi toplanılıb. Belə ki, onun əsərləri, bəstəkarın səsi, yazılan verilişlər və ona həsr olunan radio oçerklər saxlanılır. Məsələn, “Vətən” operasından “Dilbərin ariyası” (ifaçı Sona Aslanova, müşayiətçi Yelena Mustafayeva) 1979-cu ilin sentyabrında yazılıb, dekabrında fonda daxil olub. “Yeddi gözəl” baletindən Aişənin rəqsi Moskvada lentə yazılıb. ART-nin kamera orkestri (dirijor Nazim Rzayev) tərəfindən səsləndirilib. Tarix: 1971-ci ilin mayı. Qara Qarayevin radionun fondunda olan əsərlərindən “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfonik qravürləri, simfoniyaları, estrada orkestri üçün müxtəlif səpgili pyesləri, “Bir məhəlləli iki nəfər”, “İnsan məskən salır”, “Uzaq sahillərdə” və s. kinofilmlərin musiqisi, mahnı, romansları və başqalarının adını çəkə bilərik.
Qeyd etdiyimiz kimi, burada bəstəkarın öz çıxışları və onun haqqında verilişlər də saxlanılır. Həmin verilişlərin bir çoxu Əməkdar jurnalist Telman Qarayevin zəhmətinin bəhrəsidir. Telman müəllimin xidmətləri uzun illər ərzində toplanan tarixi səs yaddaşına çevrilib. Bu gün onlar bizim üçün dəyəri heç nə ilə əvəz oluna bilməyən qiymətli yadigarlardır. Qocaman jurnalist Qara Qarayev irsinə məhəbbətini belə izah edir: “Hələ gənclik illərimdən Qarayev sənətinə böyük məhəbbətim var idi. Soyadımızın da eyni olması məni ona daha da yaxınlaşdırırdı. Nəhayət, jurnalistlik sənəti sanki bizi doğmalaşdırdı. Hətta ilk övladıma belə Qara müəllimin adını verdim. Onunla çoxlu sayda görüşlərim olub. Hazırladığım radio verilişləri də məhz bu yaradıcılıq ünsiyyətindən irəli gəlir. Qara Qarayev əlçatmaz zirvədir”.
Telman müəllimin Qara Qarayev haqqında radio verilişlərinin tarixi təxminən 1967-68-ci illərdən başlayır. Verilişlərdə bəstəkarın 50, 60, 70 illik yubileyləri, müxtəlif dövrlərə aid yaradıcılıq uğurları, yeni yaranan əsərləri haqqında özünün və sənət dostlarının fikirləri bir sözlə, bu kimi mövzular işıqlandırılıb. Bu verilişlərin ən dəyərli cəhətləri orada təqdim olunan canlı səslərdir. Bu səslər içərisində Qara Qarayevin çıxışları diqqətimizi cəlb edir.
Həmin çıxışlardan biri bəstəkarın Moskvada, Kremlin sütunlu salonunda keçirilən 70 illik yubileyində lentə alınıb. O, jurnalist Telman Qarayevə dahi Üzeyir bəy haqqında müsahibə verir: “Yaxın Şərq xalqlarının incəsənətində ilk opera olan “Leyli və Məcnun”dan Azərbaycan opera sənətinin tacı və xalqımızın mədəni irsini əvəzedilməz inci kimi zənginləşdirən “Koroğlu”ya qədər Azərbaycan opera sənətinin bütün inkişaf tarixi Üzeyir Hacıbəyovun adıyla qırılmaz tellərlə bağlıdır. O, milli operanı inkişaf etdirmək yolunda böyük çətinliklərə rast gəlmişdir. Musiqişünaslarımız tərəfindən Üzeyir Hacıbəyovun yaradıcılıq irsini öyrənmək üçün az iş görülməmişdir. Ancaq biz bəstəkarın ilk əsərlərindən bədii yaradıcılığının zirvəsi olan ölməz “Koroğlu” operasına qədər keçdiyi böyük yolu tam mənada hərtərəfli tərənnüm edə bilmirik”.
Öz çıxışında Üzeyir bəy irsinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz əhəmiyyətindən danışan Qara Qarayev onun yüksək insani keyfiyyətlərindən də söhbət açır: “O zaman mən cavandım. Təcrübəsizdim. Dekadaya mənim ilk böyük əsərim olan “Ürək mahnısı” hazırlanırdı. Dekada bu kantata ilə bitəcəkdi. Üzeyir Hacıbəyov təkcə mənə bir bəstəkar kimi kömək etməklə kifayətlənmir, eyni zamanda rəhbərlik etdiyi Azərbaycan Filarmoniyası xorunun kantatanı öyrənməsinə də diqqət yetirirdi. Xatirimizdə qalmış bu hadisələr böyük bəstəkarın, gözəl insanın, qayğıkeş dost və mehriban müəllimin simasını bir daha gözlərimiz qarşısında canlandırır”.
Bu gün Qara Qarayevin səsini və çıxışını dinləyərkən bizim də gözümüz önündə onun möhtəşəm siması canlanır. Onu da nəzərinizə çatdırırıq ki, Telman Qarayev bəstəkarın çıxışlarından özünün dövri mətbuatda nəşr olunan məqalələrində və 2011-ci ildə nəşr olunan “Sənətin keçdiyi yollar” kitabında da istifadə etmişdir.
Ümumiyyətlə, Azərbaycan Radiosunda Qara Qarayev irsinə tez-tez müraciət olunaraq, onun yaradıcılığının müxtəlif cəhətləri tədqiq və təbliğ olunur. Bu istiqamətdə musiqişünas-alimlərdən Elxan Babayev, Ramiz Zöhrabov, unudulmaz bəstəkarlar Əfrasiyab Bədəlbəyli, Azər Rzayev, jurnalistlərdən Möhləddin Səməd, Gülbəniz Hüseynova və başqaları vaxtilə radio verilişləri hazırlayıblar. Azərbaycan radiosunda müəllif və aparıcısı olduğum “Musiqi dünyası” proqramlarında da bəstəkara həsr olunan bir neçə veriliş.
Əlbəttə, bəstəkardan qalan inciləri layiqincə qorumaq bizim mənəvi borcumuzdur. Çünki Azərbaycanımızın digər görkəmli şəxsiyyətləri kimi Qara Qarayev də əvəzolunmazdır. Bu yerdə görkəmli rus bəstəkarı Radion Şedrinin fikirlərini sizə xatırladıram: “Qara Qarayev musiqidə öz üslubunu tapmış və öz məktəbini yaratmışdır. Bu məktəbin çoxlu ardıcılları var. O, dünya şöhrəti qazansa da, Azərbaycan bəstəkarı olaraq qalır”.
Bu qiymətli kəlamlardan sonra yalnız bunu deyə bilərəm ki, dünya şöhrətli Azərbaycan bəstəkarlarının irsini yaşatmaq bizim üzərimizdə böyük məsuliyyət qoyur. Qara Qarayevin tələbələri də onun əməllərini layiqincə davam etdirməyə çalışıb, daim xatirəsini əziz tutublar. Bu mənada bəstəkarın məktəbindən dərs alan Əməkdar incəsənət xadimi, bəstəkar-musiqişünas Nərgiz Şəfiyevanın “Qara Qarayev tələbələrinin xatirəsində” kitabı da onun irsinə dair dəyərli bir mənbədir. Kitabda sənətkarın pedaqoji fəaliyyəti sayəsində formalaşan neçə-neçə bəstəkarın xatirəsi onun zəngin yaradıcılıq yolundan xəbər verir.
Qara Qarayev yüksək sənətkarlıq meyarları ilə yalnız yaşadığı zamanın deyil, bütün dövrlərin görkəmli şəxsiyyəti, sevilən bəstəkarı və nəsillərin müəllimi kimi əbədiyaşardır.
Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə doktoru