Bu gün ölkəmizdə istifadə olunan bir çox musiqi alətləri milli olmasalar belə, ifaçıları onları milliləşdirə biliblər. Məsələn, qarmon, qaboy, gitara və s. kimi. Bu alətlərdə ifa olunan milli musiqilər, muğamlar qəlbimizə elə bir hərarət gətirib, elə ürəyimizə yatıb ki, onların gəlmə olduğu barədə düşünmək istəmirik.
Azərbaycanda qarmon ifaçılığının inkişafında öz dəst-xətti olan Xalq artisti Aftandil İsrafilov da bu alətin ölkəmizdə populyarlıq qazanmasında, sevilməsində mühüm rol oynayıb. Bu il 75 yaşını qeyd edən sənətkar Prezident İlham Əliyevin 25 yanvar 2016-cı il tarixli sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib. O, fəxri ad alan ilk qarmon ifaçısıdır. 1982-ci ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2002-ci ildən Prezident təqaüdçüsüdür. Dağıstan Respublikasının (Rusiya Federasiyası) da Xalq artisti olan sənətkar həmçinin qonşu İranda “Böyük ustad” fəxri adına layiq görülüb.
Sənətkarla görüşəndə o, yenə də sevimli qarmonu ilə studiyada musiqi yazılışında idi. İşlərinə fasilə verib bizə zaman ayıran ustad ifaçı dövlət başçısının onu təltif etməsini böyük sevinclə qarşıladığını bildirdi: “Şöhrət” ordeninə layiq görülməyimlə bağlı xəbəri mənə çatdıran və ilk təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oldu. Sənətkar üçün bundan böyük mükafat ola bilməz. Buna görə də başda hörmətli Prezidentimiz olmaqla sənətimi dəyərləndirən hər kəsə minnətdarlığımı bildirirəm”.
“Atamın musiqi sevgisi hamımızın qəlbinə köçmüşdü...”
1941-ci ildə Bakıda dünyaya göz açan sənətkar ailənin dördüncü övladı olub.
Sənətə bir qədər gec gəlsə də, ona ömürlük bağlanıb: “Atamın musiqiyə olan sevgisi hamımızın qəlbinə köçmüşdü. Orta məktəbi bitirəndə mənə qarmon aldılar. Xüsusi sifarişlə düzəldilən qarmon bu günə kimi mənimlə yol gəlir. İndi də o kişiyə rəhmət oxuyuram. Bu qarmon məni yarı yolda qoymadı. Dəfələrlə başqa ölkələrdə qarmonumu satmağı xahiş ediblər, razılıq verməmişəm”.
Qarmonun sirlərini də özü öyrənib: “On yeddi yaşımda paytaxtdakı Yuri Qaqarin adına Pionerlər evinə (indiki Tofiq İsmayılov adına Uşaq gənclər yaradıcılıq sarayı) getdim. Moskvada keçiriləcək Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyünə hazırlıq görülürdü. Tədbirə üç-dörd ay qalmışdı. Respublikanın məşhur sənətkarları, musiqi qrupları kimi Pionerlər evinin "Cücələrim" rəqs qrupu da böyük proqram hazırlayırdı. Hamımız həvəslə çalışırdıq. Ancaq məndən qabaq burada fəaliyyət göstərən ifaçı yoldaşım proqramı üç aya öyrənə bilmədi. Moskvaya gedəcək adamların siyahısını oxudular. Həmin qarmon ifaçısı da oradaydı. Amma mənim adım çəkildi. Beləliklə, mən getməli oldum və orada heç vaxt unutmayacağım maraqlı günlər yaşadım. Şövkət Ələkbərova, Xan Şuşinski və digər görkəmli sənətkarlarımızla ilk dəfə səhnədə çıxış etdim. Sonralar "Cücələrim"lə bir çox ölkələrdə qastrol səfərlərində oldum”.
Getdikcə məşhurlaşan ifaçı Baba Salahovun rəhbərlik etdiyi ansambla dəvət olunur. Bir müddətdən sonra "Azkonsert"in tərkibində öz ansamblını yaradır. Ansamblla Azərbaycanın əksər bölgələrində konsert proqramları ilə çıxış edir, el şənliklərində musiqisevərlərin zövqünü oxşayır. Kollektivlə birlikdə Dağıstan, Gürcüstan və Orta Asiya ölkələrində qastrol səfərlərində olur. Daha sonra görkəmli müğənni, SSRİ Xalq artisti Zeynəb Xanlarova onu öz ansamblına dəvət edir və uzun müddət bir yerdə çalışırlar.
“Birinci şüarım Azərbaycan olub”
Xalq artisti deyir, çox şadam ki, fəxri adları mənə ulu öndər Heydər Əliyev verib: “O, həqiqi musiqini, əsl sənətkarları tanıyır, onların dəyərini bilirdi. Fərdi təqaüdü də onun dövründə almışam. Hər kəsin öz dünyası, həyata baxışı var. Həmişə fikirləşmişəm ki, sənətdə olan adamı gərək həm xalq, həm də həmkarları sevib qəbul etsinlər. Bu iki sevgi üst-üstə düşəndə böyük sənət meydana çıxır. Ölkəmizi hər zaman layiqincə təmsil etmişəm. Vətənpərvər olmalı və övladlarımızı da bu ruhda tərbiyə etməliyik. Mən dünyanı gəzmişəm və həmişə birinci şüarım Azərbaycan olub. Çünki bu torpağın övladıyam, onun çörəyini yeyirəm”.
Gənc ifaçılara hər zaman dəstək olan sənətkar bu gün də onlara şərait yaratmağa çalışır, məsləhətlərini əsirgəmir.
Aftandil müəllimin bəstələdiyi 100-dək rəqs musiqisi bu gün də sevilir, ifa olunur. Yaxın günlərdə möhtəşəm bir əsərlə dinləyicilərini sevindirəcəyini vurğulayan Xalq artisti əsərin yaradıcılığında özünəməxsus iz qoyacağına əmindir.
Musiqidən əlavə, şahmat həvəskarı da olan sənətkar həyatı şahmat taxtasına bənzədir və deyir ki, həyatda hər kəsin yüksəliş və tənəzzül dövrü olur: “Həyatın sınaqlarından üzüağ çıxmaq hünərdir. Mən qismətindən razı qalanlardanam. Demək olar, bütün arzularım yerinə yetib”.
Aftandil müəllim bir müddət əvvəl xəstəlikdən əziyyət çəkib, indi isə özünü yaxşı hiss edir. Deyir ki, insan özü özünün həkimi olmağı bacarmalıdır: “Çalışdım ki, xəstəliyimdən çox adamın xəbəri olmasın. Bu mənim xarakterimə uyğun deyil”.
Biz də sənətkara cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
Lalə Azəri