Guş qıl ey ki, bilirsən özünü vaqifi-kar,
Agah ol, gör ki, nədir naleyi-ney, nəğmeyi-tar.
Nədir ol, xüşk olan çübidə bu naleyi-zar,
Ki sədasından onun qarət olur səbrü-qərar,
Açma sən pərdəni, hər pərdədə var yüz əsrar.

Ölməz Seyid Əzimin bu misraları Azərbaycan tarının səs çalarlarında bərqərar olan dərin fəlsəfi məqamlardan soraq verir. Təbii ki, bu fəlsəfi dərinliyi tarda ifadə edən və onu məharətlə dilləndirən sənətkarlardır. Əgər ifaçının əli ilə ürəyi bir-birini tamamlayırsa, onun köksünə sıxaraq dilləndirdiyi tar insanların da könlünü oxşayacaq, səsi-sədası dinləyənlərin hisslərinə hakim kəsiləcək. Belə olduqda xalq öz sənətkarını sevib, yaşadacaq.
Bu il anadan olmasının 105 ili tamam olan Bəhram Məşədi Süleymanbəy oğlu Mansurov da belə əbədiyaşar sənətkarlardandır. Ustadı yaşadan onun sənət sevgisidir. Məhz bu sevginin sayəsində Bəhram Mansurov tar ifaçılığında öz üslubunu və məktəbini yaratdı. Bu yerdə unudulmaz bəstəkarımız Fikrət Əmirovun müdrik fikirlərindən biri düşür yadıma: “Əsl sənət istedad və zəhmət tələb edir. İstedad bir aləmdir, zəhmət bir aləm. Bu iki aləm bir-biri ilə qovuşanda milli sənət ümumbəşəri sənət səviyyəsinə yüksəlir”.
Bəhram Mansurov da istedadını zəhməti ilə qovuşdurub Azərbaycan tar ifaçılığının zirvəsinə yüksəldi. Onun sənəti sərhədləri aşaraq dünya arenasına çıxdı. 1971 və 1975-ci illərdə tarzənin ifasında “Şur”, “Hümayun”, “Mahur-hindi”, “Bayatı-kürd” və “Çahargah” muğamlarının UNESCO-nun xətti ilə qrammofon valına yazılması deyilənlərə ən gözəl misaldır.
Yuxarıda Fikrət Əmirovun sənətlə bağlı sözlərinə istinad etdik. Unudulmaz bəstəkar ustad tarzən Bəhram Mansurovun yaradıcılığını da yüksək qiymətləndirərək onun haqqında dəyərli fikirlər söyləmişdir: “Bəhram Mansurov Azərbaycan xalq musiqisini ürəkdən sevən, ona bütün varlığı ilə hörmət edən və hətta deyərdim ki, keşiyində bir əsgər kimi dayanmış sənətkarlarımızdandır. Tarzən Bəhramın öz mizrabı, öz sarı simi, özünəməxsus olan güclü biləyi var. Mən dəfələrlə onun məlahətli çalğısından, xanəndələrimizi ustalıqla müşayiət etdiyindən xeyli zövq almışam. Bəhramın öz üslubu, öz sənət mənliyi var. Buna görə də onun çalğısını biz hamımız alqışlayırıq. Bəhram Mansurovun gənc musiqiçilərin yetişməsində çəkdiyi zəhmətini də çox yüksək qiymətləndirirəm”.
Ustad xanəndə, professor Əlibaba Məmmədov xatirələrində Bəhram Mansurovu belə yad edir: “Bəhram Mansurov bəlkə də elə tarzən olmaq üçün doğulmuşdu. Atası tarzən idi, əmisi Mansur Mansurov da həmçinin. Ailədə tarın sədalarını eşidərək böyüyən Bəhramın isə sənətdə öz yolu, öz dəst-xətti vardı. O, Qurban Primovun ən layiqli tələbəsi idi. Hətta, Qurban əmi öz yerini məhz Bəhrama etibar etmişdi. Belə ki, ondan sonra operada tar çalmaq Bəhram Mansurova həvalə olunmuşdu. Çox güclü biləyi vardı. Əsl Qurban Primovun davamçısı idi. Görün necə güclü tarzən olublar ki, muğam operalarında kamançaya ehtiyac olmayıb.
Bəhramla yüzlərlə toylarda olmuşam. Onun bircə tar kökləməyi nəyə desən dəyərdi. Hələ onun kimi tar kökləyənə rast gəlməmişəm. Bəhram Mansurov insan kimi də çox səmimi və xeyirxah idi. Evi daim qonaqlı-qaralı olardı. Sənətkar kimi də, insan kimi də çox əvəzsiz idi”.
Hörmətli Əlibaba müəllimin bu xatırlamasında böyük bir nəslin davamçısı olan müdrik sənətkar obrazı canlanır. Ustadın toxunduğu bəzi məqamlara bir qədər geniş nəzər salaq. Bu da Bəhram Mansurovun nəsil şəcərəsi ilə bağlıdır. Demək olar ki, o, tar dünyasında doğulub, boya-başa çatmışdır. Babası Məşədi Məlik bəy dövrünün tanınmış simalarından olmuş və Bakıda muğam məclislərinin təşkili məhz onun adı ilə bağlıdır. Oğlanları Mirzə Mansur və Məşədi Süleymanbəy də atalarının muğama, xüsusən də tara olan bu sevgisini görərək onlarda da bu sənətə böyük maraq yaranır. Mirzə Mansur, yəni Bəhram Mansurovun əmisi dahi Üzeyir bəyin yaxın məsləkdaşı olmuşdur. O, 1925-ci ildə muğam dərsləri üzrə ilk proqramın hazırlanmasında yaxından iştirak etmişdir. Üzeyir bəyin təşəbbüsü ilə Mirzə Mansurun təkmilləşdirdiyi tar aləti 1934-cü ildə Paris və İstanbul sərgilərində nümayiş etdirilmişdir.
Belə bir ab-havada böyüyən Bəhram Mansurov da ustad sənətkar kimi tarın bədii texniki vasitələrindən məharətlə istifadə etmiş və hətta yeni üsullar da yaratmışdır. Ustadın mizrabı - dəstikari - yəni tarın qrifində sol əllə çalmaq üsulunun nadir ifaçısı olmağı da məhz bu qəbildəndir.
Klassik tar ifaçılığı ənənələrinə riayət edərək öz üsulunu yaradan Bəhram Mansurov müxtəlif musiqi ocaqlarında yeni ifaçılar nəslinin formalaşmasında mühüm rol oynayıb. 1932-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Opera və Balet Teatrında solist tarzən və konsertmeyster, 1941-ci ildən isə musiqi texnikumunda pedaqoq kimi fəaliyyət göstərməsi onun Azərbaycan musiqi tarixindəki rolunun və əhəmiyyətinin mühüm ifadəsidir. Bu mühüm və əhəmiyyətli yaradıcılıq yolunu nəsillərə çatdıran da ustadın məharətlə dilləndirdiyi sədəfli tarının sədalarıdır. O tarı dinləyəndə elə bilirsən ki, sanki onun ifaçısı bu gün də bizimlədir. Sənətkarın ki, ruhu sənətindədir, demək əbədiyaşardır. Elə 105 yaşlı Bəhram Mansurov kimi. Ruhu şad olsun!

Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə doktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar