Ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Özbəkistan Dövlət Konservatoriyasının (ÖDK) "Soqdiana" Xalq Çalğı Alətləri Kamera Orkestrinin məşq salonunun bazasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzi yaradılıb.
Layihə çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan Dövlət Konservatoriyasında yerləşən "Soqdiana" orkestrinin zalı müasir səviyyədə qurulub, tərtibat işləri aparılıb. Özbəkistan Mədəniyyət və İdman Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən mərkəzə dünya şöhrətli Azərbaycan bəstəkarının adı verilib.
Açılış mərasimində çıxış edən konservatoriyanın rektoru, professor Bəxtiyar Yaqubov əmin olduğunu bildirib ki, Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzi iki ölkə arasında mədəni sahədə əlaqələrin inkişafına, Azərbaycan musiqisinin Özbəkistanda təbliğinə təkan verəcək.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan Dövlət Konservatoriyasında dahi Üzeyir Hacıbəylinin adını daşıyan mərkəzin fəaliyyət göstərməsini əlamətdar hadisə adlandırıb. O, Azərbaycanın zəngin musiqi ənənələri barədə danışıb, müsəlman Şərqində ilk operanın Ü.Hacıbəyli tərəfindən yaradıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, mərkəzdə "Soqdiana" orkestrinin məşqləri də həyata keçiriləcək.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov dost ölkədə Azərbaycan musiqisinə, azərbaycanlı bəstəkarların əsərlərinə böyük maraq olduğunu vurğulayıb.
Sonra orkestr Üzeyir Hacıbəylinin əsərlərini səsləndirib, Səncər Qədirov "Laçın" Azərbaycan xalq mahnısını ifa edib.
Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Musiqi Mədəniyyəti Mərkəzinə Özbəkistanın Xalq Çalğı Alətləri Kamera Orkestrinin bədii rəhbəri, professor Firuzə Abduraximova rəhbərlik edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar