«Zamanla üz-üzə» IV müasir musiqi layihəsinin 2016-cı konsert mövsümünün bahar bölümü aprelin 15-də başa çatdı. «XIX və XX əsr sınırında» adlı konsert Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşdi. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri baş dirijor və bədii rəhbər, Xalq artisti Rauf Abdullayevin idarəsi ilə görkəmli bəstəkar Qustav Malerin əsərlərini səsləndirdi.
51 il ömür sürmüş Qustav Maler 1860-cı ildə Avstriya-Macarıstan imperiyasında, Bohemada dünyaya gəlib, Vyana Konservatoriyasını dirijor və bəstəkar ixtisasları üzrə bitirib. Sonra Avropa opera teatrlarında dirijor kimi çalışır, xüsusilə Motsart və Vaqner operalarının interpretasiyası Malerə böyük şöhrət gətirir.
Təəssüf ki, bir sıra çoxtərəfli dahilər kimi Malerin də bəstələdiyi əsərlər, xüsusən də simfonik yaradıcılığı layiqincə qiymətləndirilmir. Bəlkə də onu Avropadan küsdürüb okeanın o tayına aparan bir səbəb də elə öz yaradıcılığına daha geniş meydan axtarışı olub. Maler ömrünün sonlarında Nyu-York Metropoliten Operasında və Nyu-York filarmoniyasında dirijor olaraq çalışır. Bəstəkarın vəfatından sonra Avropada nasizm hökmranlığı başladığından yəhudi mənşəli Malerin əsərləri qadağan edilir və layiq olduğu şöhrəti illər sonra qazanır.
Konsertdə ilk ifa edilən 10-cu simfoniya Q.Malerin son əsərlərindən biri, həm də yarımçıq qalmış bəstəsidir. Bununla belə maestro R.Abdullayevin idarə etdiyi orkestrin ifasında simfoniya dolğun və bitkin əsər təəssüratı bağışladı. Müəllif sanki yaradıcılığı boyu bəstəkar kimi qazana bilmədiyi istedad etiraflarından dolayısı topladığı bütün acılarını, nisgilini bu əsərə toplamışdı.
Konsertdə səsləndirilən ikinci əsər isə 1805-ci və 1808-ci illərdə tədqiqatçıların toplayıb dərc etdikləri 12 qədim alman mahnısının mətninə yazılmış «Oğlanın sehrli şeypuru» («Des Knaben Wunderhorn») vokal-simfonik əsəri idi. Kişi və qadın səsləri üçün yazılmış bu əsəri «Zamanla üz-üzə» musiqi layihəsinin daimi iştirakçısı, Əməkdar artist Fəridə Məmmədova və güclü bariton səsi ilə Azərbaycan operasevərlərinin rəğbətini qazanmış Anton Ferştand ifa etdilər.
Sonda onu da qeyd edək ki, «Zamanla üz-üzə» IV müasir musiqi layihəsinin payız konsertləri noyabrda başlayacaq.

G.Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar