Bəli, gözəl duyğularla süslənmiş bu özəl sayğılar tədbirinin özəyində - ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü, şəhidlərimizin əziz xatirə və müqəddəs ruhlarına sayğı duruşu, “bir millət - iki dövlət”in yenilməz bayraqları! Və bu növbəti tədbir-konsertin ünvanı: Bakı Türk Anadolu Liseyi.

Paytaxtımızda fəaliyyət göstərən təhsil müəssisələri içərisində xüsusi yeri olan lisey indiyədək Azərbaycan məramlı çox belə törənlər keçirmiş, müştərək təşəbbüslü tədbirlərə ev sahibliyi etmişdir. Ötən həftə V.Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbilə birgə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert də bu qəbildən idi.
Tədbirin aparıcısı - liseyin fortepiano müəllimi Təranə Məmmədovanın qısa giriş sözündən sonra iştirakçılar torpaqlarımız uğrunda şəhid olmuş vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin əksəriyyət təşkil etdiyi bu törənin sayğı sükutundakı ab-havanı - “qızların şəhid ağrılı, oğlanların Vətən çağrılı” baxışlarını özünəməxsus ifadələrlə mənalandıran Təranə xanım, Qarabağ problemimizin tezliklə çözülməsi üçün ölkə rəhbərliyi tərəfindən görülən işlərdən bəhs etdi. Sonra aparıcı məktəbdə mədəni-kütləvi tədbirlərin təşkilində daim öz fəallığı ilə fərqlənən Şövkət Qarayevanın bədii rəhbəri olduğu bu konsertin də hamının ürəyincə olacağını qeyd edib, səhnəni şagirdlərin ixtiyarına verdi.
Aynur Məmmədzadənin ifasında “Aşıqsayağı” (Ə.Abbasov), “Kamançaçılar” ansamblının səsləndirdiyi “Marş” (S.Bax) və “Aysel” rəqs qrupu ansamblının bir-birindən maraqlı çıxışları tamaşaçıların alqışları ilə qarşılandı. Azərbaycan və Türkiyənin qardaşlıq əlaqələrini, xüsusilə, ulu öndərin “bir millət - iki dövlət” deyimini ehtiva edən milli rəqslər salonda qeyri-adi canlanma yaratdı. İfaçıların hər biri öz istedad və qabiliyyətləri müqabilində mükafatlandırıldılar.
Sonda bütün ifaçı kontingenti Azərbaycan və Türkiyə bayraqları ilə səhnəyə çıxdı. Bu an zal da ayağa qalxdı və səhnə-salon birliyində hər iki dövlətin himnləri oxundu. Gurultulu alqışlardan sonra liseyin müdir müavini Ömər Durak bu “can titrədən mənzərəyə görə” bütün kollektivlərə və təşkilatçılara təşəkkürünü bildirdi, şagirdlərə yeni yaradıcılıq və təhsil uğurları arzuladı.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar