Mehman Hacıbəyli 1957-ci ildə Ucar rayonunun Qəzyan kəndində doğulub. Soyu-kökü qarabağlıdır, atası Şuşadandır. Onun musiqiçi olmasında mənsub olduğu məşhur Hacıbəylilər nəslinin təsiri danılmazdır.
Orta məktəbdə oxuyarkən kənd klubunda, rayonda keçirilən konsertlərdə uğurla iştirak edib. Onun səsini ilk kəşf edən də atası olub. Atası musiqini gözəl bildiyindən həmişə Mehmanı qavalla oxumağa həvəsləndirərdi. Sənətin sirlərini Mehman ilk olaraq ondan öyrənib.
1973-cü ildə təhsil almaq üçün Bakıya gəlir. Üç il fəhlə işləyir və İnşaatçılar Mədəniyyət Sarayının özfəaliyyət dərnəyinə üzv olur, bütün tədbirlərdə iştirak edir. Bir sıra festivalların laureatı adını qazanır.
1980-ci ildə Mədəni-Maarif Texnikumunda təhsilini tamamladıqdan sonra 1982-ci ildə indiki Mədəniyyət və İncəsənət İnstitutunun vokal şöbəsinə daxil olur, Xalq artisti Lütfiyar İmanovdan sənətin sirlərini öyrənir.
Elə həmin ildən M.Hacıbəyli taleyini “İrs” folklor ansamblı ilə bağlayır: “Ansamblın o vaxtkı bədii rəhbəri mərhum bəstəkar Rəşid Nəsiboğlu, musiqi rəhbəri isə Sidqi Mustafayev idi. 1982-ci ildən indiyə kimi həmin ansamblda fəaliyyətimi davam etdirirəm. Yaddan çıxan onlarla folklor, xalq və meydan oyun havalarını oxumuşam, sənətə yeni gələnlərə də öyrətmişəm”.
M.Hacıbəyli müxtəlif janrlarda olan musiqilərimizin mahir ifaçısıdır. Muğamları da ustalıqla oxuyur. Xalq artisti Ağaxan Abdullayevin dərslərində iştirak edərək bu sənətin incəliklərini mənimsəyib. Hazırda Azərbaycan Dövlət Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xor kollektivində vokalçı kimi çalışır. Xalq artisti, mərhum Ramiz Mustafayevdən çox şey öyrəndiyini bildirir: “Konservatoriyada mənimsəyə bilmədiyimi bu xorda çalışarkən öyrəndim. Bir çox bəstəkar, xalq, estrada, opera əsərlərini simfonik, xalq çalğı alətləri ansamblı ilə ifa etmişəm. İfa etdiyim əsərlər radionun fondunda saxlanılır. Çalışdığım kollektivlə çoxlu bəstəkar və xalq mahnılarını yazdırmışam”.
Onu da qeyd edək ki, M.Hacıbəylinin indiyə kimi beş kompakt diski işıq üzü görüb.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar