Qarşıda daha böyük layihələr var

Xəbər verildiyi kimi, 4-18 aprel tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III respublika elmi-ifaçılıq müsabiqəsi keçirilmişdir.

BMA və onun eksperimental məktəb-studiyasının yaradıcısı və direktoru, professor Tərlan Seyidov tərəfindən təşkil olunan müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutmuşdur. İki turdan ibarət olan müsabiqənin ilk mərhələsində ifa edilən əsərlərin şagirdlər tərəfindən təhlil olunub izah edilməsi, ikinci mərhələdə isə təqdim olunan proqramın ifa edilməsi nəzərdə tutulurdu.
Ölkəmizin 26 şəhər və rayonundan 289 iştirakçı 4 nominasiya (“Fortepiano”, “Orkestr alətləri”, “Solo oxuma”, “Azərbaycan xalq çalğı alətləri”) üzrə çıxış edərək həm hazırladıqları elmi məruzələr, həm də təqdim etdikləri musiqi proqramı ilə bilik və bacarıqlarını sınamışlar. Gənc məruzəçilərin çıxışları tanınmış müəllimlər və ifaçılardan ibarət münsiflər heyətinin üzvləri ilə dialoq şəklində keçirdi. Beləliklə, hər bir çıxış nümunəvi ustad dərsinə çevrilirdi.
Nəzəri və ifa hissəsinin vəhdətini ən üzvi şəkildə nümayiş etdirən məruzəçilər sırasında regionların musiqi məktəblərindən Elgün Bağırov (Şirvan), Brilyant Məmmədli (Naftalan), Rasim Yusifov (Göygöl), Nihad Məmmədov (Sumqayıt) və Mürsəl Əsgərzadənin (Gəncə) adlarını çəkmək olar. İştirakçılar arasında Bakı şəhər musiqi məktəblərinin şagirdləri də vardı - onlardan pianoçular Nurel Kərimova (məktəb-studiya), Günel Hacıyeva (məktəb-studiya), Fatimə Hüseynova (4 №-li məktəb), qanun ifaçısı Behnəm Mehta Məhəmmədəlizadə (20 №-li məktəb) qeyd olunmalıdır. Müsabiqənin ən kiçik yaşlı iştirakçısı, 7 yaşlı pianoçu, məktəb-studiyanın 1-ci sinif şagirdi İlknur Zeynalov da məruzəsi ilə müvəffəqiyyətlə çıxış etdi.
Müsabiqənin bağlanış mərasimində BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli qeyd etdi ki, dünyanın heç bir ölkəsində bu kimi elmi ifaçılıq yarışmaları keçirilmir - burada uşaqlar nəinki öz proqramlarını ifa edir, həm də ifa etdikləri əsərlərin məzmununu bilikli ifaçı kimi təhlil edirlər. O, layihənin ideya müəllifi və bədii rəhbəri, professor Tərlan Seyidova, eləcə də yarışmada qalib olmuş bütün iştirakçılara xüsusi minnətdarlığını bildirirdi.
Onu da qeyd edək ki, müsabiqənin münsiflər heyətində Türkiyədə yaşayan pianoçu soydaşımız, Qara Qarayevin qızı, pianoçu Züleyxa xanım Qarayeva-Bağırova da yer almışdı. Münsiflər heyətinin qiymətləndirməsindən sonra 35 gənc musiqiçi Q.Qarayev adına III Respublika elmi-ifaçılıq müsabiqəsinin laureatı və 63 iştirakçı diplomant adına layiq görüldü. Mükafatlandırmadan sonra şagirdlərin ifasında konsert proqramı təqdim olundu.
Müsabiqə sona yetsə də, layihə üzrə iş davam edir. Qarşıda dahi bəstəkarımız Qara Qarayevin 100 illiyi münasibətilə beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin keçirilməsi planı var.

Elmira Mustafayeva
BMA-nın eksperimental məktəb-studiyasının böyük elmi işçisi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar