Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin yubileyi qeyd edilib

Aprelin 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin (1916-2005) 100 illiyinə həsr olunan yubiley tədbiri keçirildi.
Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bəstəkarın həyat və yaradıcılığından bəhs etdi. Vurğuladı ki, Ədilə Hüseynzadənin zahiri və mənəvi gözəlliyi bir-birini tamamlayırdı, o, kübarlığı, istedadı və intellekt səviyyəsi ilə hər zaman seçilirdi.
Bildirdi ki, ilk professional qadın bəstəkarlarımızdan biri, görkəmli sənətkar, qayğıkeş pedaqoq Ədilə Hüseynzadə ötən yüzilliyin 40-cı illərində Üzeyir Hacıbəylinin təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlib. O, bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaradıb. Yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Nizami, Nəsimi, Füzuli, Natəvan, S.Vurğun, N.Xəzri, B.Vahabzadə, N.Rəfibəylinin şeirlərinə musiqilər bəstələyib, R.Rzanın şeirlərinə silsilə əsərlər yazıb.
Ədilə Hüseynzadə eyni zamanda gözəl səsə malik vokal ustası idi. “Arşın mal alan” filmində (1945) Asyanın partiyasını o ifa edib.
Ədilə xanım uzun illər (1953-1988) Bülbül adına orta ixtisas musiqi məktəbində dərs deyib, gənc istedadların aşkarlanmasında əlindən gələni əsirgəməyib. Firəngiz Əlizadə özünün, Sevda İbrahimovanın, Elnarə Dadaşovanın və başqa bəstəkarların unudulmaz pedaqoqun rəhbərliyi altında sənətdə ilk addımlarını atdıqlarını diqqətə çatdırdı. Bildirdi ki, onun kimi gözəl musiqiçi ilə qarşılaşmasaydım, bəlkə də bəstəkar ola bilməzdim.
Sonra Azərbaycan Dövlət Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xor kollektivi, Xalq artisti Uran Seyidov (I violino), vokalçılar - əməkdar artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova, Anar Şuşalı, habelə Əməkdar artist Aleksey Miltıx (violonçel) və Soltan Məmmədovanın (II violino) ifasında bəstəkarın “Duyğular” vokal silsiləsindən romansları, “Azərbaycan bayrağı” odası, “Gözəl vətən”, “Ey vətən” və digər musiqiləri səsləndirildi.

Savalan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar