Mayın 20-də Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin kollektivi Azərbaycan Dövlət Mahnı Teatrında illik hesabat konserti ilə çıxış etdi. Gecədə kollektivin ifasında “Qarabağ inciləri” adlı musiqili tamaşa təqdim olundu.
Tamaşanın adı təsadüfən seçilməmişdi. Səhnədə qurulan dekorasiya XIX əsri xatırladırdı. Tarixdən məlumdur ki, 1858-ci ildə xoş bir təsadüf Bakıda məşhur fransız yazıçısı Aleksandr (ata) Düma ilə görkəmli şairə Xurşudbanu Natəvanı qarşılaşdırır. Natəvanın həyat yoldaşının fransız dilini yaxşı bilməsi onların arasında dostluq tellərinin yaranmasına vəsilə olur. Musiqili tamaşa da bu tarixi hadisə üzərində qurulmuşdu.
Şuşa. Xan qızı və sonradan Azərbaycanın görkəmli bəstəkarı kimi adı tarixə yazılacaq Üzeyir. Onların dialoqu Azərbaycan musiqisi, ədəbiyyatı və dövrünün tanınmış şəxsləri haqqındadır. Xan qızı kiçik Üzeyirin istedadına heyrandır və ona sən gələcəkdə Azərbaycan musiqisini bütün dünyada tanıdacaqsan deyir. Buna görə də o ruhdan düşməməli, oxumalı, öyrənməlidir.
Tamaşa məktəbin şagirdlərinin ifasında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” və “Qızların xoru” ilə başlandı. Sonra Vasif Adıgözəlovun “Natəvan” operasından “Şuşa” xoru səsləndi. Məktəbin müəllim və şagird heyəti tamaşanın baxımlı və təsirli alınması üçün bütün bacarıqlarını sərf etmişdilər.
Azərbaycan musiqisini Avropa klassiklərinin əsərləri tamamlayır. Bir-birinin ardınca səslənən “Sarı gəlin” xalq mahnısı, “Şüştər”, “Çahargah” rəngləri, “Qarabağ şikəstəsi” X.Natəvanın A.Dümaya Azərbaycan musiqisinin möhtəşəmliyini tanıtma səhnəsinin bir hissəsidir. Daha sonra şagirdlər Dümanın Avropa musiqisini təqdimetmə səhnəsini canlandırırlar. Məktəblilər bu hissədə N.Paqaninidən “Variasiyalar”, A.Vivaldidən “İlin fəsilləri”, V.Motsartın “Don Juan” operasından Serlinanın ariyasını səsləndirirlər. Milli geyimlərimizlə Avropanın XIX əsr libasları səhnədə həmahənglik yaradır. Konsert tamaşaçıların alqış sədaları altında “Qarabağ şikəstəsi” ilə sona yetir.
Məktəbin direktoru Gülşən Quliyeva sonda tədbirdə zəhməti keçən hər kəsə təşəkkür etdi. Bildirdi ki, uşaqlar musiqili tamaşanın hazırlanmasına dekabr ayından başlayıblar. Hesabat konsertinin daha maraqlı təşkil edilməsi üçün məktəbin müəllimlərinin təşəbbüsü ilə məhz belə bir tamaşa ideyası irəli sürüldü. Bu gün məktəbdə musiqi üzrə təhsil alan şagirdlərin təkcə musiqi bacarıqları deyil, həm də aktyorluq istedadları üzə çıxdı.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi, Azərbaycan Dövlət Konservatoriyasının müəllim heyəti, paytaxtın musiqi və incəsənət məktəblərinin direktorları iştirak edirdi.
Lalə Azəri