Mayın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə Xan Şuşinskinin 115 illiyinə həsr edilmiş elmi konfrans və bədii təhsil müəssisələrinin şagirdləri arasında “Xan Şuşinski adına III Respublika muğam festivalı”nın yekun konserti keçirildi.

Tədbirdə çıxış edən Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev bildirdi ki, müsabiqənin məqsədi böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi, onun muğam ifaçılığı üslubunun təbliğ olunması, eləcə də respublikada muğam təhsilinin inkişafı, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və dəstəklənməsidir.
Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, Xalq artisti Canəli Əkbərov, Milli Konservatoriya nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov, MEMM-in şöbə müdiri Natiq Mustafayev və digər çıxış edənlər ustad xanəndə Xan Şuşinski ilə bağlı xatirələrini bölüşdülər, festivalın gənc nəslin inkişafında töhfəsindən söz açdılar.
Qeyd olundu ki, festival iştirakçılarının çıxışlarını Azərbaycan Milli Konservatoriyasının dosenti, Xalq artisti Aygün Bayramovanın sədrliyi ilə xalq artistləri Gülyaz Məmmədova, Zabit Nəbizadə, Əməkdar artist Firuz Səxavət və Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyevadan ibarət münsiflər heyəti qiymətləndirib.
Sonra mükafatlar qaliblərə təqdim edildi.
Festivalda uğurlu çıxışlarına görə Qran-pri mükafatına Abşeron rayon Xırdalan şəhər uşaq musiqi məktəbinin şagirdi Kənan Bayramlı, I dərəcəli diploma Şuşa rayon Turşsu kənd uşaq musiqi məktəbinin şagirdi Elnur Musazadə, II dərəcəli diploma Şuşa şəhər Bülbülcan adına uşaq musiqi məktəbinin şagirdi Qələm Qocamanova, III dərəcəli diploma Füzuli rayon Böyük Bəhmənli kənd uşaq musiqi məktəbinin şagirdi Xəqani Şahbazov layiq görüldülər. Digər fərqlənən şagirdlərə də diplomlar təqdim edildi.
Festivalın yekun konsertində şagirdləri müşayiət edən musiqiçilər də MEMM tərəfindən təltif edildilər. Tədbir şagirdlərin konsert proqramı ilə başa çatdı.

Lalə