Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə paytaxtın Xəzər rayonunun Zuğulba qəsəbəsindəki sümük-vərəm xəstəlikləri sanatoriyasında müalicə alan uşaqlara yardım məqsədilə xeyriyyə konserti və əl işləri yarmarkası keçirilib.
Xeyriyyə konsertində Azərbaycan Dövlət Neft və Sənaye universitetinin rəhbər şəxsləri, müəllim və tələbələri, BMA-nın fortepiano fakültəsinin dekanı, professor Nərminə Quliyeva və digər qonaqlar iştirak ediblər.
Universitetin tədris işləri üzrə prorektoru Qasım Məmmədov tədbiri açaraq xeyriyyəçiliyin bəşəri dəyərlərə hörmətdən qaynaqlandığını vurğulayıb, bu nəcib addıma qoşulanlara təşəkkürünü bildirib.
Konsert proqramında Bakı Musiqi Akademiyasının tələbələri - beynəlxalq və respublika müsabiqələr laureatları və Prezident təqaüdçüləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər. Konsert böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Sonda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Elçin Ağakişiyev və Bakı Musiqi Akademiyasının dekanı, professor Nərminə Quliyeva çıxış edərək hər kəsi ehtiyacı olan insanlara yardım etməyə, bu məqsədlə keçirilən xeyriyyəçilik tədbirlərində yaxından iştirak etməyə çağırıb.
Minacət Əhmədova
Bakı Musiqi Akademiyasının III kurs tələbəsi