İyunun 27-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” adını qazanmış Şəkidə növbəti sənət bayramı - VII “İpək yolu” Beynəlxalq Musiqi Festivalı başlanıb.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivala tarixi “İpək yolu” coğrafiyasının müxtəlif ölkələrindən musiqi və rəqs kollektivləri, sənətçilər qatılıb.
Festivalın təntənəli açılış mərasimi iyunun 27-də Şəki şəhərindəki Yay teatrında keçirilib. Mərasimdə festivalın təşkilatçı qurumlarının və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Tədbiri festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə açaraq artıq bir ənənəyə çevrilən və 7-ci dəfə keçirilən “İpək yolu” festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını vurğulayıb. F.Əlizadə deyib: “Bugünkü təntənəli açılışda TÜRKSOY-un səyi ilə 11 türkdilli ölkənin nümayəndələri unudulmaz musiqi bayramında iştirak etməklə bizim birlik və qardaşlığımızı bir daha musiqi dili ilə dünyaya bəyan edəcəklər. İpək yolunun rəmzi olan incə, həssas, eyni zamanda möhkəm ipək bağlarla birləşən Yaponiya, Türkiyə, Monqolustan, Qazaxıstan, İran, Rusiya, Azərbaycan və digər ölkələrin musiqiçilərinin ifasında heyrətamiz, rəngarəng və unudulmaz musiqi sədaları festivalımızı bəzəyəcək, Şəkidə özünəməxsus ab-hava yaradacaq”.
Şəkinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını yüksək qiymətləndirən Düsen Kaseinov paytaxt ili çərçivəsində tədbirlərin keçirilməsinə göstərdiyi köməyə görə şəhər rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. Baş katib vurğulayıb ki, TÜRKSOY Mədəniyyət və Turizm Nazirliyi ilə yalnız Azərbaycanda təşkil edilən tədbirlərdə deyil, ümumiyyətlə, bütün türk dünyasında keçirilən tədbirlərdə sıx əməkdaşlıq edir.
Mərasimdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “İpək yolu” VII Beynəlxalq Musiqi Festivalının Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması ilinə təsadüf etməsinin xüsusilə əlamətdar olduğunu vurğulayıb. Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət və qayğı göstərildiyini vurğulayan Elxan Usubov bu ilin yanvarında Prezident İlham Əliyev tərəfindən Şəkinin tarixi hissəsinin qorunması ilə bağlı imzalanan sərəncamın əhəmiyyətini qeyd edib. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda şəhərin bir hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi istiqamətində lazımi iş aparılır.
İcra hakimiyyətinin başçısı vurğulayıb ki, budəfəki “İpək yolu” festivalı da ortaq türk mədəniyyətini dünyaya tanıtmaq istiqamətində mühüm rol oynayacaq.
Rəsmi hissədən sonra TÜRKSOY-un xalq çalğı alətləri orkestri və türkdilli ölkələrin solistləri geniş konsert proqramı ilə çıxış ediblər. Orkestrin bədii rəhbəri və dirijoru Qazaxıstanın tanınmış musiqiçisi Marat Jalbirovdur.
Orkestrin heyəti türk dünyası etnik xalq çalğı alətlərinin (dombra, bağlama, kobiz, tar, kuray, ney, qaval, ağız qopuzu, yetigen, qanun) ifaçılarından ibarətdir. Orkestrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Qaqauz (Moldova), Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikaları və Monqolustandan peşəkar musiqiçilər, müğənnilər və rəqqaslar yer alıb.
Orkestrin çıxışı alqışlarla qarşılanıb. Sonda şəhər İcra Hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi - festivalın simvolu təqdim olunub.
* * *
İyunun 28-də “İpək yolu” festivalı çərçivəsində Şəki xanları sarayının həyətində Türkiyənin “Şimdi” ansamblının konserti olub. Konserti şəhər İcra Hakimiyyəti, Bəstəkarlar İttifaqı və TÜRKSOY-un rəsmiləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər izləyiblər.
Konsertdən əvvəl məlumat verilib ki, “Şimdi” ansamblı Anadoluda sufi ənənəsinin mövcudluğu və inkişafı baxımından yeni bir layihədir. Müğənni və bəstəkar Bora Uymaz tərəfindən təsis edilən ansamblın heyətinə Əli Polattemir (ney), Mehmet Yalqın (kamança), Volkan Ergen (zərb), Həsən Kiriş (tənbur) və Şirin Pancaroğlu (ling arfa) daxildir.
“Şimdi” ansamblının yaradıcı meyarı - keçmişin və gələcəyin əsasında olan bugünün çarpazlaşan məqamlarını izləmək, keçmişdə yerini taparaq, gələcəyə hazırlıqlı olmaqdan ibarətdir. Musiqiçilərin ifa etdikləri mahnılar, qəsidələr, təqsimlər, qəzəllər və instrumental əsərlər qədim köklərə malikdir.
Konsertdə ansamblın təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kollektivə xatirə hədiyyəsi təqdim olunub.
İyunun 28-də axşam Yay teatrında Türkiyənin xalq mahnı və rəqs ansamblının konserti olub. Şəkidə “İpək yolu” festivalı iyulun 1-dək davam edəcək.