Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva İtaliyada Cüzeppe Verdi festivalında iştirak edəcək.
Parma Regio Teatrının saytında yer alan xəbərə görə, Dinara Əliyeva oktyabrın 21, 23, 27 və 30-da Cüzeppe Verdinin “Trubadur” operasında Leonora obrazını canlandıracaq.
Oktyabrın 1-dən 30-dək keçiriləcək Cüzeppe Verdi Festivalının əksər tədbirləri Parma Regio Teatrında olacaq. Həmçinin Bussetoda Cüzeppe Verdi və Parmada Farneze teatrlarında festival tamaşaları nümayiş etdiriləcək.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada “Bolşoy Teatr”ın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ, Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” adlı beynəlxalq festivalı keçirilib. O, konsertlərdə müxtəlif janrlarda əsərlər - rus və Azərbaycan xalq mahnıları, opera və operettalarda ariyalar, romans və caz kompozisiyaları ifa edir.