Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Möminə xatın türbəsinin qarşısında istirahət konserti olub.
Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestri maraqlı proqramla çıxış edib. Kollektivin tanınmış solistlərindən Azərbaycan Respublikasının əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva və Mübariz Əsgərovun, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Yaşar Qurbanov və Azər Cəfərlinin ifa etdikləri estrada və xalq mahnıları tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. Onların ifasında səslənən Rauf Hacıyevin “Sevgilim”, Tofiq Quliyevin “Mən oldum”, Niyazinin “Arzu”, Xəyyam Mirzəzadənin “Yadındamı” estrada mahnıları alqışlarla qarşılanıb.
Konsertdə estrada mahnıları ilə bərabər, Azərbaycan bəstəkarlarından Eldar Mansurovun, dünya musiqisinin böyük sənətkarları İohann Ştrauss, Frans Şubert və başqalarının marş, vals, caz, tanqo, rəqs musiqi janrında yazdığı melodiyalar da səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2012-ci ildə imzaladığı sərəncamla yaradılan musiqi kollektivi qısa vaxtda estrada həvəskarlarının rəğbətini qazanıb. Orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Məmmədovdur.